Şərur şəhərində açıq hava idman qurğuları istifadəyə verilib
Naxçıvan, 19 dekabr, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq, Şərur şəhərinin Heydər Əliyev prospektində yerləşən iki ərazidə sadə tipli açıq hava idman qurğuları sakinlərin istifadəsinə verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dekabrın 19-da muxtar respublika gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov yeni istifadəyə verilmiş idman qurğularına baxış keçirərək, yaradılan şəraitlə tanış olublar.
Baxış zamanı idmanla məşğul olan yeniyetmə və gənclərlə söhbət edən rəsmi şəxslər avadanlıqlardan təhlükəsiz və düzgün istifadənin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu cür məkanlar gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların fiziki aktivliyinin artırılmasına və sağlam həyat tərzinin təşviqinə xidmət edir. Qeyd olunub ki, dövlətimizin həyata keçirdiyi bu cür layihələr əhalinin sağlamlığının qorunmasına, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılmasına yönəlmiş addımların tərkib hissəsidir. Göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq ifadə edilib.
Quraşdırma aparılan hər bir ərazidə 12 dəst müxtəlif funksiyalı trenajor aləti, eləcə də oturacaqlar və tullantı qabları mövcuddur. Müxtəlif yaş qrupları üçün nəzərdə tutulan bu avadanlıqlar fiziki hazırlığın yüksəldilməsi, əzələlərin möhkəmləndirilməsi və müxtəlif məşq proqramlarının icrası üçün geniş imkanlar yaradır.
Qeyd edək ki, Dövlət Proqramına əsasən ümumilikdə 11 ərazidə açıq hava idman qurğularının quraşdırılması nəzərdə tutulub. Hazırda muxtar respublika üzrə 4 şəhər və 2 qəsəbədə, ümumilikdə, 8 ərazidə bu qurğular əhalinin istifadəsinə verilib. İşlər mərhələli şəkildə davam etdirilir.