REGİONLAR
Şimal rayonlarında bu il 746 nəfər özünüməşğulluq proqramına cəlb olunacaq VİDEO
Xaçmaz, 10 mart, Elxan Yusifli, AZƏRTAC
Quba, Qusar və Xaçmaz rayonları üzrə 9 saylı Ərazi Məşğulluq filialı tərəfindən 2021-ci ildə 502 nəfəri kənd təsərrüfatı, 121 nəfəri isə xidmət və istehsal sahələri üzrə olmaqla, 623 nəfər özünüməşğulluq proqramına cəlb edilib.
Filialın müdiri Cəfər Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, 2022-ci ildə 746 nəfərin özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılır.
Özünüməşğulluq proqramından faydalanan Xaçmaz rayon sakini Elvin Qocayev artıq öz biznesini qurmağı bacarıb. Ona proqram çərçivəsində plastik qapı-pəncərə istehsalı üçün lazımi avadanlıqlar təqdim olunub.
“Mən 15 ildir bu işlə məşğulam. Amma avadanlıqlar olmadığından öz seximi aça bilmirdim. Dövlət tərəfindən dəzgahlarla təmin olunduqdan sonra istehsalata başlamışam. İşlərim yaxşı gedir”, - deyə Elvin Qocayev söyləyib.
Xaçmaz rayonunda 2021-ci ildə 178 nəfər kənd təsərrüfatı, 62 nəfər isə xidmət və istehsal sahələrinə aid olmaqla, ümumilikdə, 240 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Cari ildə Xaçmaz rayonundan daha 269 nəfərin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub.