Sofian Çakla: “Sabah” yüksək yerlərdə olmağa layiq komandadır
Bakı, 18 mart, AZƏRTAC
Çox vacib üç xal qazandıq. Buna görə xoşbəxtik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah”ın müdafiəçisi Sofian Çakla Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
O, ilk hissədə komandasının daha yaxşı mübarizə apardığını qeyd edərək bildirib: “İkinci yarı bizim üçün çətin keçdi. Çünki rəqib hesabda geridə idi və evdə xal qazanaraq azarkeşlərini sevindirmək istəyirdi. Çox yaxşı mübarizə apardıq. Komanda yoldaşlarımı təbrik edirəm”.
Növbəti turda qarşılaşacaqları “Zirə” ilə matç barədə də danışan 31 yaşlı oyunçu qeyd edib: “Zirə” ilə oyun da çox vacibdir. Hər iki komanda meydandan üç xalla ayrılmaq istəyəcək. Doğma meydanda oynayacağıq. Məqsəd azarkeşləri sevindirməkdir”.
Mərakeşli futbolçu növbəti mövsüm avrokuboklarda iştirak etmək istədiklərini söyləyib: “Komanda olaraq bunun üçün çalışırıq. “Sabah” yüksək yerlərdə olmağa layiq komandadır. Yaxşı heyətimiz var. “Sumqayıt” üzərində qələbə də bu yoldakı məqsədlərimizdən biridir. İnanıram ki, mövsümün sonunda hədəfimizə çatacağıq”.