SİYASƏT
Son 10 ildə Azərbaycan diasporu tam formalaşmış və güclənmişdir
Bakı, 6 iyul (AZƏRTAC). Bakıda Dünya azərbaycanlılarının III qurultayının keçirilməsi xalqımızın həyatında çox bir mühüm hadisədir.
Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov AZƏRTAC-a müsahibəsində demişdir.
N.İbrahimov bildirmişdir ki, dünya azərbaycanlılarının I qurultayı 2001-ci il noyabrın 9-10-da ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə keçirilmişdir. Həmin vaxtdan keçən 10 il ərzində Azərbaycan diasporunun tam formalaşması və güclənməsi, dünya ölkələrində yaşayan azərbaycanlıların həmin dövlətlərin ictimai-siyasi həyatında fəal iştirakı təmin edilmişdir. Görülmüş məqsədyönlü işlər nəticəsində Azərbaycan diasporu hətta dünyanın bir sıra ölkələrinin siyasi həyatına təsir edəcək bir qüvvəyə çevrilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin diaspora quruculuğuna mühüm əhəmiyyət verməsi, dövlətimizin başçısının 2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının II qurultayında verdiyi tövsiyələr və göstərdiyi istiqamətlər nəticəsində Azərbaycan diasporu dünya azərbaycanlıların 2011-ci il iyulun 5-də Bakıda keçirilən III qurultayına tam formalaşmış, güclənmiş, fəaliyyəti informasiya sahəsində hücum taktikası üzərində qurulmuş şəkildə gəlmişdir.
DİDK sədri demişdir ki, Dünya azərbaycanlılarının III qurultayı qarşımıza yeni, daha möhtəşəm vəzifələr qoymuşdur. Qurultayın qarşıya qoyduğu vəzifələr elə bir şərait yaradacaqdır ki, Azərbaycan diasporu dünyanın başqa diasporlarına nümunə göstəriləcək səviyyəyə gəlib çatacaqdır.
######