Sorgunlu Sıdkı Babanın şeirləri və əlyazma “Divanı”
Bakı, 8 dekabr, AZƏRTAC
“Sıdkı” təxəllüsündən istifadə edən 37 ozan-aşıq və dərviş şairin olduğu məlumdur. Bu şairlər arasında müxtəlif təsəvvüf zümrələrinə mənsub olanlar da vardır. Həmin şairlərdən biri də Sorgunlu Sıdkı Babadır. Onun bədii ilhamı yuxuda verilib. Şeirlərini “mahzer” adlanan musiqi alətinin müşayiəti ilə özünəməxsus avazla oxuyub. Onun deyişmə etdiyi də söylənir.
Bu fikirlər AZƏRTAC-a açıqlamasında professor Bayram Durbilməz söyləyib.
Onun sözlərinə görə, Sorgunlu Sıdkı Babanın hansı illərdə və hansı mədrəsələrdə təhsil aldığına dair dəqiq məlumat olmasa da, mənbələr Yozqat və ətrafında həmin dövrdə çoxlu mədrəsələrin mövcud olduğunu göstərir. “Onun adının “Sıdkı”, soyadının isə “Gök” olduğu yazılsa da, Hüseyn Cahit Gökün verdiyi məlumata görə şairin əsl adı “Hacı”dır. Nüfus sənədləri də bunu təsdiqləyir. Şair bir şeirində təxəllüsünü adının yanına əlavə edərək: “Adım Hâcı Sıdkı, soyadım Gök’dür” demişdir. Şifahi mənbələrdə o, Sarı Hoca, Sarıca Hoca, Sarı Molla, Sarıca Molla və Sıdkı Baba ləqəbləri ilə tanınır. Şair sağlığında şeirlərinin bir qismini “Dini və əxlaqi öyüdlər” adı ilə Yozqatda nəşr etdirib. Şeirlərinin əsas mənbəyi isə onun tərtib etdiyi əlyazma dəftəridir. Bu əlyazma, nizamsız xətlə Osmanlı–Türk əlifbası ilə yazılıb. “Divan” adlanan bu dəftərin orijinalı oğlu Hüseyn Cahit Gök tərəfindən gətirilmişdir. Divanın bir surəti də şəxsi kitabxanada saxlanılır. Sıdkı Babanın şeirlərinin toplandığı digər bir mənbə isə böyük oğlu Hüseyn Cahit Gökün hazırladığı kiçikölçülü cib dəftəridir. Bu mənbələr əsasında “Sorgunlu Sıdkı Baba Divanı” adlı kitab hazırlanmış və əvvəlcə Kayseridə, daha sonra isə İstanbulda Bilge-Kültür Sanat Yayınları tərəfindən nəşr olunub”, - deyə professor bildirib.