Sovetlər dövründə Azərbaycanda milli zabit kadrlarının hazırlanmasında Ulu Öndərin misilsiz rolu olub
Bakı, 14 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi nazirliyin regionda fəaliyyət göstərən qurumlarının nümayəndələri ilə birgə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev ideyalarına sadiqik” mövzusunda tədbir keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə, Mərkəzin əməkdaşları Azərbaycan Respublikasının dövlət quruculuğunda əvəzsiz rolu olan, görkəmli siyasətçi, tarixi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önündə gül-çiçək dəstələri qoyaraq dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbirdə çıxış edənlər hələ sovetlər dövründə Azərbaycanda müstəqillik ideyalarının təşəkkül tapmasında, elmi və kadr potensialının yüksəldilməsində, milli zabit kadrlarının hazırlanmasında xalqımızın Ulu Öndəri Heydər Əliyevin misilsiz rolundan, gördüyü titanik işlərdən danışıblar.
Xüsusi vurğulanıb ki, məhz Ümummilli Liderin əsasını qoyduğu mütərəqqi siyasi kursun Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən böyük məharətlə davam və inkişaf etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın ən qüdrətli dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevrilib.
Sonda “Sən elə bir zirvəsən” adlı videoçarx nümayiş olunub.