Su çərşənbəsi Novruzun başlanğıcı, xalqımızın saf düşüncəsinin yaşadıldığı gündür
Bakı, 25 fevral, Fidan Əlizadə, AZƏRTAC
Su çərşənbəsi xalqımızın ən qədim inanclarından süzülüb gələn müqəddəs gündür. Hələ qədim zamanlardan suya həyatın, saflığın və diriliyin rəmzi kimi baxılıb. Su hər şeyin başlanğıcıdır – axan çaylar, çağlayan bulaqlar, yağış damcıları təkcə torpağı deyil, ruhu da təmizləyir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova deyib.
Baharın ilk müjdəçisi olan Su çərşənbəsindən danışan professor hələ qədimdən insanların səhər erkən bulaqlardan su gətirdiyini, həmin su ilə evlərini, həyətlərini yuduğunu, özlərini paklığa hazırladıqlarını vurğulayıb.

“İnanca görə, bu çərşənbə günü götürülən su “lal su” adlanırdı və onu danışmadan, heç kimlə göz-gözə gəlmədən gətirmək lazım idi. Suyun müqəddəsliyinə toxunmamaq üçün bu vəzifə saf niyyətli gənc qızlara həvalə edilirdi. Gecə isə su ilə bağlı fal ayinləri keçirilərdi. Gənc qızlar kuzəyə su doldurub, ora nişanələr atar, bayatılar söyləyərdilər. Hansı nişanə sudan çıxarsa, bayatının mənasına uyğun yozulardı. Bu mərasim, sanki suyun insan taleyi ilə danışması, gələcəyi xəbər verməsi kimi qəbul edilirdi. Dədə-babalarımız inanırdılar ki, Su çərşənbəsi gecəsi sular dayanır, çaylar dinir, ağaclar suya baş əyib yazın ilk nəfəsini salamlayır. Bu gecə suların dərinliyində Xıdır və İlyas qovuşur, torpağa yeni həyat bəxş edilir. İnsanlar səhər açılan kimi su üstünə gedər, bulaqların şəffaf axarına üz tutub niyyət edər, suyun üzərindən tullanaraq “Ağırlığım-uğurluğum bu sulara” deyib, dərd-sərlərindən azad olmağa çalışardılar. Su ilə bağlı inanc və adətlərimiz bu gün də yaşamaqdadır. Bu çərşənbə təkcə Novruzun başlanğıcı deyil, həm də xalqımızın saf düşüncəsinin, qədim inanclarının yaşadıldığı gündür”, - deyə S.Orucova əlavə edib.