SÜLH GÜNÜNƏ HƏSR OLUNMUŞ RƏSM SƏRGİSİ QALİBLƏRİNİN ADLARI ELAN OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, avqustun 21-dən sentyabrın 21-dək davam edən “Sülh aylığı” çərçivəsində sentyabrın 15-də Muzey Mərkəzində Ombudsman Aparatının təşkilatçılığı, Mədəniyyət və Turizm, İdman və Gənclər nazirliklərinin, BMT-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə rəsm sərgisi keçirilmişdir.
Sərgidə 60 məktəblinin 63 rəsm əsəri nümayiş etdirilmişdir. Sərgi 21 sentyabr - Beynəlxalq Sülh gününə həsr olunmuşdur.
Sərgidə nümayiş etdirilən əsərlər arasında sülh, ailə səadəti, ana nəvazişi, buludsuz səma, sülhün carçısı olan göyərçinlər və s. haqqında tablolar əksəriyyət təşkil etmişdir.
Sərginin sonunda insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova qaliblərin adlarını elan etmişdir.
Səbail rayonundakı 134 nömrəli məktəbin şagirdi Nəzrin Məmmədova rəsm sərgisinin qalibi olmuşdur. İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdi Murad Yuzbaşov ikinci yeri tutmuşdur. Üçüncü yerə isə Ayan Allahyarova (Səbail rayonundakı 134 nömrəli məktəb) və Orxan Süleymanov (Nərimanov rayonundakı 193 nömrəli məktəb) çıxmışlar.
Qaliblərə diplomlar təqdim olunmuşdur.
Bundan əlavə 6 həvəsləndirici mükafat da təqdim edilmişdir.
Tədbirdə xarici səfirliklərin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.