SUMQAYITDA İNTERNAT MƏKTƏBİNİN TƏDRİS KORPUSU AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də - Bilik günündə Sumqayıtda fiziki və zehni inkişafdan geri qalmış uşaqlar üçün 260 şagird yeri olan internat məktəbinin tədris korpusunun açılışı olmuşdur. Müasir tədris korpusu keçmiş uşaq bağçasının uyğunlaşdırılmış binasında 1996-cı ildən fəaliyyət göstərən kompleksin tərkib hissəsidir. Respublika Təhsil Nazirliyi tərəfindən elan edilmiş tenderin qalibi olan “Elnur-2” universal inşaat-kommersiya şirkəti şəhərin beşinci mikrorayonundakı bu ərazidə daha iki korpusun tikintisini başa çatdırmaq üzrədir.
Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev ixtisaslaşdırılmış internat məktəbinin kollektivini yeni tədris korpusunun açılşı münasibətilə təbrik etmişdir. O qeyd etmişdir ki, təhsili ölkəmizin inkişafında prioritet sahədir. Dövlətimizlə bərabər Heydər Əliyev Fondu da bu istiqamətdə çox faydalı işlər görmüşdür. Natiq son beş ildə Sumqayıtda məktəblərin təmiri, yenidən qurulması və fəaliyyət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş genişmiqyaslı işlər, eləcə də Sumqayıt məzunlarının və müəllimlərinin uğurları barədə söhbət açdı.
Müəllimlər və valideynlər adından çıxış edənlər şəhərdə təhsilin inkişafına göstərilən qayğı və diqqətə görə təşəkkürlərini bildirdilər.
Rəmzi qırmızı lent kəsildi, ilk zəng çalındı. Yeni korpusda yeni dərs ili başlandı.
Qonaqlar və valideynlər internat məktəbinin direktoru Ayət Kərimovanın müşayiəti ilə yeni tədris korpusu ilə tanış oldular. Üçmərtəbəli bina liftlə təchiz edilmişdir. Məşğələlər üçün nəzərdə tutulmuş 30 sinif otağı müasir mebellə təchiz olunmuşdur. Binada kitabxana, tibb məntəqəsi, psixoloq, loqoped və başqa mütəxəssislərin kabineti fəaliyyət göstərir. Burada böyük akt salonu da vardır.
Yüz yerlik ikimərtəbəli yataq korpusunda tikinti işləri başa çatdırılandan sonra o da məktəblilərin sərəncamına veriləcəkdir. Digər ikimərtəbəli korpusda isə yeməkxana və idman zalı yerləşəcəkdir.
Direktorun sözlərinə görə, ixtisaslaşdırılmış internat məktəbində ayrıca su anbarı, mini qazanxana, açıq hovuz, xüsusi trenajorlar və bir sıra başqa obyektlər də olacaqdır.
######
