Suraxanıda Xocalı faciəsinin 19-cu ildönümü geniş qeyd edilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Suraxanı rayonunda təşkil olunmuş silsilə tədbirlər çərçivəsində Suraxanı rayon İcra hakimiyyəti (RİH) “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi ilə birlikdə fevralın 26-da anma mərasimi keçirmişdir.
Tədbirdə iştirakçıları əvvəlcə RİH-in “Sərgi qalereyası”nda “Xocalı uşaqların gözü ilə” adlı sərgiyə və məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyaya tamaşa etmişlər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etmişdir. Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, Xocalı faciəsi erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır.
Bir fikir xüsusi vurğulanmışdır ki, xocalılar o amansız soyqırımı günündə də əsl qəhrəmanlıq göstərmiş, erməni-sovet hərbi birləşmələri qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə öz qanları ilə şərəfli səhifələr yazmışlar.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülür.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl və məqsədyönlü iş aparır.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması da Heydər Əliyev Fondunun fəaliyyətində əsas yerlərdən birini tutur. Xocalı faciəsi ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərə Heydər Əliyev Fondunun verdiyi dəstək, eləcə də Fondun özünün təşəbbüsü ilə görülən işlər xüsusi əhəmiyyətə malikdir.
Sonra Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanmış Xocalı faciəsi haqqında film nümayiş etdirilmişdir.
“Xocalı uşaqların gözü ilə” adlı sərgidə nümayiş olunan rəsmlərin qaliblərinə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı rayon İcra hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının mükafatları təqdim olunmuşdur.
######
