Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri ən uca zirvəyə yüksəlib
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan xalqı Milli Qurtuluş Gününün 28-ci ildönümünü qeyd etdiyi iyunun 15-də ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində daha bir möhtəşəm hadisənin şahidi oldu. Prezident İlham Əliyevin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin strateji baxımdan da böyük əhəmiyyətə malik Şuşa şəhərindən başlanması, tarixi səfər zamanı ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bütün dünyanın diqqətini bir daha Cənubi Qafqaza yönəltdi. Belə ki, iki qardaş ölkənin rəhbərləri Şuşa Bəyannaməsinə imza atmaqla, keçirdikləri mətbuat konfransında xüsusi bəyanatla çıxış etməklə regionda yeni dövrün başladığını elan etdilər. Məhz bu səbəbdən müttəfiqlik barədə tarixi Şuşa Bəyannaməsinin təkcə Azərbaycan və Türkiyənin deyil, bütövlükdə Cənubi Qafqazın yaxın gələcəyi üçün strateji “yol xəritəsi” rolu oynayacağına şübhə yoxdur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bayram Aslanov deyib.
O qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin gələcəyini özündə ehtiva edir. Bununla belə, sənəddə iki ölkə arasında yüksələn xətlə inkişaf edən əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi baxımından mühüm aspektlərə toxunulması, eyni zamanda, onun aktual məsələləri əhatə etməsi Bəyannamənin önəmini daha da artırır.
B.Aslanov bildirib ki, Bəyannamədə Cənubi Qafqaz bölgəsində sabitliyin və təhlükəsizliyin bərqərar olması, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, regionda uzunmüddətli sülhün təmin edilməsi üçün Ermənistana tarixi şansdan istifadə imkanı təqdim edilir. Bunun üçün Ermənistandan, sadəcə, ötən ilin noyabrın 10-da və cari ilin yanvarın 11-də imzaladığı üçtərəfli bəyanatların müvafiq müddəalarından irəli gələn öhdəlikləri yerinə yetirmək tələb olunur. Belə ki, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin bərpası baxımından əhəmiyyətlidir. Digər tərəfdən, sənəddə də qeyd edildiyi kimi, həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun inşa edilməsi ilə iki qardaş ölkə arasında daha bir nəqliyyat-kommunikasiya xəttinin həyata keçirilməsi mümkün olacaq. Eyni zamanda, Şuşa şəhərində Türkiyənin baş konsulluğunun açılacağı barədə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın açıqlaması da mühüm məqamlardandır.
“İmzalanan sənədin, habelə orada əksini tapan müddəaların hərbi, siyasi və tarixi əhəmiyyətini zaman və məkan baxımından təhlil edəndə belə bir nəticəyə gəlmək olar ki, Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri ən uca zirvəyə yüksəlib”, - deyə YAP İdarə Heyətinin üzvü bildirib.