Sverdlovsk vilayətindən Azərbaycana səfər edənlərin sayı ilbəil artır
Moskva, 8 aprel, AZƏRTAC
Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyəti bir il bundan əvvəl Azərbaycana səfər edib. Ölkə Prezidenti İlham Əliyev qubernatoru qəbul edib. O vaxtdan Sverdlovskun ən iri müəssisələri azərbaycanlı tərəfdaşlarla iri kontraktlar bağlayıblar. İndi isə Yekaterinburq Rusiya-Azərbaycan forumuna ev sahibliyi etməyə hazırlaşır. Forum 2015-ci il iyun ayında keçirilməlidir.
Rusiyanın “Znak” informasiya agentliyinin müxbiri Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımovla görüşüb, Cənubi Qafqazın bu ölkəsinin Sverdlovsk sakinlərinin ən yaxın dostuna çevrilməsi barədə onun fikrini öyrənib (http://www.znak.com/svrdl/articles/07-04-16-44/103777.html).
S.Qasımov müxbirin suallarını cavablandıraraq qeyd edib ki, Azərbaycanda Rusiyaya və böyük rus xalqına səmimi hörmət bəsləyirlər. O deyib: “Xalqlarımız arasında əlaqələrin çoxəsrlik tarixi var. Biz Rusiya qanunlarına, Rusiya ənənələrinə böyük hörmət bəsləyirik və Uralda yaşayan həmvətənlərimizi də buna çağırırıq. Onların çoxu artıq 30-40 ildir ki, burada yaşayır. Xalqlarımız bir-birinin dostudur. Biz də burada istər şəhər və vilayət hakimiyyəti, istərsə də adi insanlar tərəfindən yaxşı münasibət görürük, səmimilik hiss edirik. Bizim bir nömrəli vəzifəmiz humanitar və mədəni əlaqələri möhkəmlətmək, xalqlarımızın bir-birini daha yaxından tanımasına nail olmaqdır”.
Söhbətdə “Azərbaycan dəmir yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Uralvaqonzavod” müəssisəsi arasında energetika sahəsində əməkdaşlıq, Azərbaycandan alınan malların - ilk növbədə, meyvə və tərəvəzin paylanması üçün Yekaterinburqda logistik terminal tikintisi mövzularına da toxunulub.
Konsul vurğulayıb ki, Sverdlovskdan Azərbaycana səfər edənlərin sayı ilbəil artır. O deyib: “Bəziləri Azərbaycana bizneslə əlaqədar, digərləri istirahət üçün gedir. İmkanlı sakinlərin bəziləri Azərbaycanda özləri üçün evlər və mənzillər alıblar. Bu yaxınlarda təyyarədə “Ural hava yolları”nın baş direktoru Sergey Skuratovla rastlaşdım. Ondan soruşdum: “Siz bütün dünyanı gəzmisiniz, Bakı haqda nə deyərdiniz?” O, cavab verdi: “Bakı möhtəşəm şəhərdir!”
S.Qasımov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Yekaterinburqa səfərini xatırladıb. Ümumrusiya Azərbaycanlılar Konqresinin yerli bölməsinin fəaliyyəti mövzusuna da toxunan baş konsul qeyd edib ki, Sverdlovskda təxminən 50 min azərbaycanlı yaşayr.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva