SİYASƏT
Tacikistan portalı: Ermənistanın Gəncə şəhərini atəşə tutması beynəlxalq konvensiyalara ziddir
![Tacikistan portalı: Ermənistanın Gəncə şəhərini atəşə tutması beynəlxalq konvensiyalara ziddir](/files/2020/3/1200x630/1602706285241789823_1200x630.jpg)
Düşənbə, 15 oktyabr, АZƏRTAC
Tacikistanın “faraj.tj” portalı Ermənistan silahlı qüvvələrinin qədim Gəncəni raket atəşinə tutması haqqında tacik dilində geniş material yerləşdirib.
AZƏRTAC portala istinadla xəbər verir ki, Moskvada imzalanan humanitar atəşkəs rejimindən sonra mülki obyektlərə və yaşayış məhəllələrinə aramsız atəş nəticəsində çoxlu dağıntılar var, 10 adam həlak olub, 34 nəfər yaralanıb. Onların arasında uşaqlar və qadınlar var.
Yazıda bildirilir ki, Ermənistanın mülki obyektlərə və yaşayış evlərinə raket hücumu 1949-cu il Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir və Ermənistan bu hərəkətə görə cavab verməli olacaq.
Materialda qeyd olunur ki, qədim Gəncə şəhəri Böyük İpək Yolu üzərində olan mədəniyyət mərkəzidir. Dünyaya Nizami Gəncəvi kimi dünya şöhrətli şair və filosof verib.
Sonra məqalədə Gəncənin tarixi abidələri haqqında məlumat verilir, deyilir ki, bu qədim şəhərdə 195 tarixi-mədəni abidə var. Orta əsrlərə aid “Qədim Gəncə” qoruq-kompleksi, İmamzadə kompleksi (XVII-XIX əsr), Uğurlu xanın Karvansarayı, Şah Abbas Karvansarayı, Gəncə qalası, Qala divarları (XVII-XIX əsr) və digər abidələr bu qəbildəndir.
Yazıda vurğulanır ki, belə qədim tarixi və abidələri olan Gəncənin raket atəşinə tutulması vandalizmdən başqa bir şey deyil.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə