Taleb Rifai beynəlxalq turizm sərgisində Azərbaycanın milli stendini ziyarət edib
Bakı, 11 mart, AZƏRTAC
Almaniyanın Berlin şəhərində keçirilən “İTB Berlin 2016” sərgini martın 11-də ziyarət edən Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycanın milli stendinə baxıb, ölkəmizi bu sərgidə təmsil edən milli turizm nümayəndələri ilə görüşüb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, T.Rifai bir neçə gün əvvəl Bakıda Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzlərinin toplantısına qatıldığını və ölkəmizdən zəngin təəssüratlarla ayrıldığını diqqətə çatdırmış, Azərbaycanın turizm potensialının dünya turizm xəritəsində əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Almaniyanın Berlin şəhərində keçirilən “İTB Berlin 2016” beynəlxalq turizm sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin marketinq sektorunun müdiri Emil Səfərov və turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Cəmil Kəlbəliyev təmsil edir. Sərgiyə, həmçinin 14 yerli turizm şirkəti və Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışının təşkilat komitəsi də qatılıb.
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 94 kvadratmetr sahədə stend quraşdırılıb, sərgiyə gələn ziyarətçilərə və iştirakçılara ingilis və alman dillərində hazırlanmış müxtəlif növ reklam-çap məhsulları paylanılıb.
Sərgi martın 13-də başa çatacaq.