MƏDƏNİYYƏT
Tanınmış Azərbaycan velosəyyahı Ramil Ziyadov ölkəmizin Ukraynadakı səfirliyində olmuşdur
Kiyev, 5 mart (AZƏRTAC). İkiillik dünya turnesi çərçivəsində bu günlər Kiyevdə olan tanınmış Azərbaycan velosəyyahı Ramil Ziyadov ölkəmizin Ukraynadakı diplomatik nümayəndəliyində olmuşdur.
Səfir Eynulla Mədətli həmvətənimizi səmimi salamlayaraq, onun səyahəti ilə maraqlanmış, Ukraynada olduğu günlərdə ona kömək etməyə hazır olduğunu bildirmişdir.
R.Ziyadov səfirliyin əməkdaşları ilə görüşündə səyahətindən və yoldakı macəralarından danışmışdır. Sonra o, səfirliyin yaxınlığındakı ulu öndər Heydər Əliyevin adını daşıyan parkda olmuş Ümummilli Liderin abidəsi qarşısına çiçəklər qoymuş və onun xatirəsini anmışdır.
Elə həmin gün Ramil Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin ictimai təşkilatlarının və Ukrayna Millətlər Assambleyasının başçısı Rövşən Tağıyevlə görüşmüşdür.
R.Ziyadov AZƏRTAC-a müsahibəsində demişdir ki, istər Ukraynada, istərsə də başqa ölkələrdə turne zamanı hər yerdə Azərbaycan xalqının tarixi, mədəniyyəti və ənənələrindən danışacaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti çatdıracaqdır.
Zeynal Ağazadə
AZƏRTAC–ın xüsusi müxbiri
Kiyev