TBİLİSİDƏ NATO ŞURASININ İCLASI AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 15-də Tbilisidə NATO Şurasının 26+1 formatında ikigünlük iclası açılmışdır.
İclasın rəsmi açılışınadək Gürcüstan Prezidentinin iqamətgahında NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə görüşdə Gürcüstan Prezidenti Mixael Saakaşvili dəstək və tərəfdaşlığa görə NATO üzvü olan ölkələrə gürcü xalqı adından təşəkkür etmişdir.
Belə bir möhtəşəm tədbirin Tbilisidə keçirilməsinin Gürcüstanın tək qalmadığının, onun dünya birliyi tərəfindən dəstəkləndiyinin təsdiqi olduğunu vurğulayan M.Saakaşvili bildirmişdir ki, Gürcüstana qarşı təcavüz ölkənin demokratik quruculuğunu dayandırmaq, qanuni yolla seçilmiş hakimiyyəti devirmək, ölkənin Avratlatika strukturlarına inteqrasiyasına mane olmaq məqsədilə edilmişdi. Gürcüstan-NATO komissiyasının təsis olunmasını təqdir edən Prezident bunun əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əmin olduğunu demişdir.
NATO-nun baş katibi Yaap de Hoop Sxeffer demişdir ki, NATO-nun bu tərkibdə Gürcüstana ilk səfəridir. Baş katib Gürcüstan-NATO əməkdaşlığının daha da dərinləşəcəyinə əminliyini ifadə edərək demişdir ki, NATO Avropa İttifaqının 6 maddəlik planını dəstəkləyir. Yaap de Hoop Sxeffer bu tədbirdə səmərəli dialoq aparılacağını, Gürcüstan-NATO əməkdaşlığının gələcəkdə daha da dərinləşdirilməsi istiqamətində mühüm işlərin görülcəyini bildirmişdir.
Sonra iclas qapalı şəraitdə davam etdirilmişdir.
İclasda NATO-Gürcüstan çərçivə sənədi hüdudlarında siyasi və müdafiə məsələlərini müzakirə edəcək NATO-Gürcüstan komissiyası təsis olunacaq, ölkənin Şimali Atlantika Alyansının fəaliyyət proqramına keçməsi məsələsinin müzakirə ediləcəyi bildirilir.