Tələbələrin Ombudsman Aparatındakı təcrübələri başa çatıb
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında bakalavriat və magistrantların istehsalat və elmi-tədqiqat təcrübələrinə yekun vurulub.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, nəzəri və praktiki hissədən ibarət olan təcrübə müddətində praktikantlar əvvəlcə ombudsman Səbinə Əliyeva və Aparatın rəhbər vəzifəli şəxsləri tərəfindən interaktiv formada keçirilən mühazirə dərslərində iştirak ediblər. Mühazirə zamanı tələbələrə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, ombudsmanın insan hüquqlarının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması, informasiya əldə etmək hüququnun müdafiəsi, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, işgəncələrin qarşısının alınması sahəsindəki fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.
Sonra müvafiq struktur bölmələrdə praktiki iş prosesinə cəlb edilən təcrübəçilər Ombudsman Aparatında fəaliyyət göstərən İnsan Hüquqları Kitabxanası ilə tanış olub, buraxılış işləri və magistrlik dissertasiyalarının yazılması üçün seçilmiş mövzulara uyğun zəruri hüquq ədəbiyyatlarından faydalanmaq imkanı əldə ediblər.
Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin, Qərbi Kaspi Universitetinin, Bakı Avrasiya Universitetinin və Xəzər Universitetinin müvafiq ixtisaslar üzrə təhsil alan 69 tələbəsi Ombudsman Aparatında istehsalat və elmi-tədqiqat təcrübəsi keçiblər.
Ombudsman Səbinə Əliyeva təcrübə müddətini uğurla başa vuran bütün praktikantlarla görüşərək, hər birini ali təhsil pilləsində əhəmiyyətli rolu olan bu mərhələni müvəffəqiyyətlə tamamladıqlarına görə təbrik edib, təhsil, iş və şəxsi həyatlarında uğurlar arzulayıb. Daha sonra tələbələrə ombudsman tərəfindən xasiyyətnamələr təqdim olunub.