CƏMİYYƏT
Təlim: Xilasetmə qrup komandirlərinin hadisə zamanı səmərəli idarəetmə vərdişləri təkmilləşdirilib
Bakı, 25 avqust, AZƏRTAС
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda praktiki təlim keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyəsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı səmərəli idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xilas edilərək təxirəsalınmaz ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.