“Təmiz Şəhər” ASC-nin Məlumat və Resurs Mərkəzinin açılış mərasimi keçirilmişdir
Bakı, 13 dekabr (AZƏRTAC). Dekabrın 13-də “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ofisində yerləşən Məlumat və Resurs Mərkəzinin açılış mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən “Təmiz Şəhər” ASC-nin layihələrin idarəedilməsi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Oqtay Məmmədov demişdir ki, bərk məişət tullantılarının idarə edilməsi dünyada yeni fəaliyyət sahəsi olsa da, bu sektor çox sürətlə inkişaf edir. Məlumat və Resurs Mərkəzi yaradılarkən burada ətraf mühitə dair qanunvericilikdə edilmiş dəyişikliklər, tullantıların idarə edilməsi və bu sahədə mövcud üsul və texnologiyalara aid ən müasir ədəbiyyat toplanmışdır. “Təmiz Şəhər” ASC bu resursları daim yeniləyəcək, kitabxanaya mütəmadi olaraq yeni nəşrlər və elektron resurslar əlavə edəcəkdir.
“Təmiz Şəhər” ASC-nin ekologiya şöbəsinin rəisi Rauf Muradov mərkəzdəki resursların tələbə və mütəxəssislər üçün faydalı olacağını bildirmişdir. Vurğulamışdır ki, mərkəz eyni zamanda, “Təmiz Şəhər” ASC-nin gördüyü işləri ictimaiyyətə çatdırmaqda kömək edəcək və səhmdar cəmiyyətin fəaliyyətində ictimai şəffaflığı təmin edəcəkdir.
Qonaqlar mərkəzlə tanış olmuş, öz təklif və arzularını bildirmişlər.
Mərkəzin istifadəyə verilməsində məqsəd “Ekologiya ili” çərçivəsində ictimaiyyətin tullantıların idarə edilməsi ilə bağlı maarifləndirilməsi, həmçinin tələbələr, qeyri-hökumət təşkilatları və ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər üçün seminar, təlim və görüşlərin keçirilməsində təşkilati imkanlar yaratmaqdır. Mərkəz tullantıların idarə edilməsi sahəsində hesabatlar, dövrü mətbuat və ekoloji jurnallar, tullantılar və onların idarə edilməsinə dair ədəbiyyat ilə təchiz edilmişdir.
######
