Təqaüdlərin artırılması ölkəmizdə təhsilə marağı ciddi şəkildə artırır
Bakı, 13 yanvar, AZƏRTAC
Ulu Öndər Heydər Əliyev “Təhsil millətin gələcəyidir” deyərkən təkcə təhsil sahəsinin önəminə diqqət çəkmirdi, həm də rəhbərlik etdiyi siyasi partiyanın, dövlətin strateji xəttindəki ana prinsipi elan edirdi. Bu siyasi xəttin davamı olaraq müstəqillik dövründə Azərbaycan təhsilinin yenidən qurulması, inkişaf etdirilməsi, xüsusilə milliləşdirilməsi üçün həssas və strateji addımlar atıldı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkə iqtisadiyyatının çiçəkləndiyi dövrdə, dövlətimizin gücləndiyi bir zamanda uzaqgörən dövlət xadimi kimi yeni çağırışla Azərbaycan xalqına səsləndi, dövlət qurumları qarşısında tapşırıq qoydu - “Biz neft kapitalını insan kapitalına çevirməliyik”.
Bunu AZƏRTAC-a açıqlamasında texnika üzrə fəlsəfə doktoru Bayram Aslanov deyib.
O qeyd edib ki, bu gün ölkəmizdə yüksəliş müşahidə olunan sahələrdən biri də təhsildir. Prezident İlham Əliyevin birbaşa diqqətdə saxladığı və qayğı göstərdiyi təhsil sahəsində qazandığımız uğurlar gündən-günə çoxalmaqdadır. Şübhəsiz ki, bu diqqəti, qazanılan uğurları təhsil sahəsində çalışan hər kəs, eləcə də vətəndaşlarımız hiss edirlər. Məsələn, universitetlərin maddi-texniki bazasının gücləndirilməsi, ali təhsilin inkişaf etmiş dövlətlərlə əməkdaşlıq predmeti olaraq irəli sürülməsi, təhsilin inkişafı ilə bağlı dövlət proqramları bu gün universitetlərimizi rəqabətədavamlı ali təhsil müəssisələrinə çevirib. Son illər bağlanılan ikili diplom müqavilələri, gənclərimizin xarici təcrübəni öyrənməsi üçün yaradılan şərait, həmçinin akademik heyətin dünyanın qabaqcıl universitetlərində təcrübəyə cəlb olunması nəinki indi, yaxın gələcəkdə daha böyük uğurlar qazanmamıza vəsilə olacaq.
“Dövlət siyasətinin vacib istiqamətlərindən sayılan təhsil siyasəti təkcə strateji xətt olaraq deyil, birbaşa proqramlar vasitəsilə də dəstəklənir. Belə ki, ölkəmizin universitetlərində təhsil alan tələbələrlə bağlı bir sıra mühüm sərəncamlar imzalanıb, mühüm qərarlar qəbul edilib və addımlar atılıb. Universitetlərdə dövlət sifarişli yerlərə qəbul olunan tələbələrin faiz göstəricisinin artırılması, təhsil mühitinin sağlamlaşdırılması, müəllimlərin əməkhaqlarının artırılması, gənc elmi işçilərə dövlət imtiyazlarından istifadə imkanlarının yaradılması, tələbələrin təqaüdlərinin dəfələrlə artırılması ölkəmizdə elmə və təhsilə marağı ciddi şəkildə artırır. Bütün bunlar istehsalatla təhsili birləşdirir, işəgötürənlərin diqqətini yerli universitetlərin məzunu olan gənc mütəxəssislərə yönəldir”, - deyə o əlavə edib.
B.Aslanov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə 2023-cü il 13 yanvar tarixli Sərəncamı Azərbaycanda təhsilə olan marağı artıracaq. “Bu Sərəncam sənayenin bütün istiqamətləri üzrə yüksəkixtisaslı mühəndislərin, peşəkar və milli kadrların yetişməsinə yol açacaq. Qloballaşma siyasətinin dünyanın həssas nöqtələrində yaratdığı təhlükəli tendensiyalardan dolayı dövlətlərin milli təhlükəsizlik konsepsiyasını yenidən gözdən keçirdiyi dövrdə milli kadrların yetişdirilməsini dəstəkləyən addımlar sözsüz ki, ölkəmizi gücləndirəcək”, - deyə o bildirib.