Tərtərdə Aqro İnformasiya Mərkəzinin təşəbbüsü ilə ekoloji aksiya keçirilmişdir
Tərtər, 4 dekabr (AZƏRTAC). Aqro İnformasiya Mərkəzinin (AİM) təşəbbüsü ilə Tərtər rayonunun Buruc kəndində “Kəndimiz evimizdir” devizi altında ətraf mühitin mühafizəsinə dair tədbir keçirilmişdir.
Məqsəd əhalinin diqqətini ətraf mühitin qorunmasına yönəltmək, ərazidə yaşıllıqların salınmasına və məişət tullantılarının təmizlənməsinə nail olmaq idi.
AİM-dən AZƏRTAC-a bildirmişlər ki, ekoloji tədbirdə Buruc kənd məktəbinin kollektivi, bələdiyyə və kənd icra nümayəndəliyi, ətraf kəndlərdə yaşayan ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalçıları, kənd təsərrüfatı məsləhətçiləri iştirak etmişlər.
Aksiya zamanı kəndin girəcəyindəki yol kənarlarına sərv, şam, xan çinar və həmişəyaşıl kollar əkilmişdir.
Tullantıların idarə olunması ilə bağlı təqdimatdan sonra kəndin əsas küçəsi zibil və tullantılardan təmizlənmişdir.
Sonra tədbir iştirakçıları kənddəki ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən təsərrüfatlardan birində olmuş, bu cür təsərrüfatların ətraf mühitə və insan sağlamlığına verə biləcəyi faydalar barədə məlumat almışlar.
Əhalinin ətraf mühitin qorunmasına dair maariflənməsi də diqqət mərkəzində olmuşdur. Bu məqsədlə təşkilat tərəfindən informasiya materialları - jurnal, buklet, poster və digər informasiya materialları paylanmışdır.
Növbəti tədbir dekabrın 6-da Bərdə rayonunun Kələntərli kəndində keçiriləcəkdir.