Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi məqsədilə növbəti ictimai dinləmə keçirilib
Bakı, 23 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyində qurumuş və qəzalı ağacların götürülməsi, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.
AZƏRTAC xəbər verir ki, müstəqil ekoloqların, dövlət qurumları, tikinti şirkətləri, QHT və media nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmədə Şəki şəhəri 18 nömrəli 720 şagird yerlik tam orta məktəbin tikinti layihəsi altına düşən, Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 163 ünvanında qeyri-yaşayış obyektinin yaxınlığındakı, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 16 ünvanındakı parkda, Şəki şəhərinin küçə və prospektlərində ümumilikdə 134 ədəd müxtəlifcinsli və Xaçmaz rayonu ərazisində, avtomobil yollarının kənarındakı 68 ədəd müxtəlifcinsli qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsi, habelə kompensasiya mexanizmlərinə dair müzakirələr aparılıb.
İctimai dinləmədə haqqında bəhs olunan yaşıllıqların maksimum qorunmasına, ekoloji qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə dair qərar qəbul edilib, götürülən, yeri dəyişdirilən yaşıllıqların mütləq kompensasiyası tələb olunub. Eyni zamanda, şəhər və rayon ərazilərində, xüsusilə yol kənarlarında köküstə qurumuş ağacların köçürülməsinin mövcud qanunvericiliyə uyğun həyata keçirilməsi, ekoloji və mövsümi tələblərin yerinə yetirilməsi və götürülmüş hər bir quru ağacın əvəzində yeni tinglərin əkilməsi şərti qoyulub.
Qeyd edək ki, bu gün ictimai dinləmədə müzakirə olunan layihələrin bir qismi vaxtilə ekoloji normativlərə cavab vermədiyi üçün müsbət rəy almamışdı. Həmin layihələr yenidən işlənib və qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq müzakirəyə çıxarılıb. Hazırkı layihələrə müsbət rəy verilməsi üçün razılaşdırılma mərhələsindədir.