“Togg” avtomobilinin dünya miqyasında uğur qazanacağına şübhə yoxdur – QHT sədri
Bakı, 8 aprel, AZƏRTAC
Türkiyənin son illər dünya siyasi səhnəsində vacib və həlledici güc mərkəzinə çevrilməsi, söz sahibi olması, artıq hər kəs - dostlar və düşmənlər tərəfindən belə etiraf edilir. Bütün proseslərdə, xüsusilə də regional konfliktlərin həlli və təhlükəsizliklə bağlı məsələlərdə Türkiyə mövqeyi önəmlidir. Bu fakt bütün Türk dünyasını, əminəm ki, ən çox da Azərbaycanı sevindirir və gücümüzə güc qatır. Türkiyənin bu uğurları getdikcə artır və daha geniş sahələri əhatə edir. Qürurverici haldır ki, artıq Türkiyənin adı ən müasir körpülərin, hava limanlarının, istehsal müəssisələrin tikilməsində, müasir texnologiyaların tətbiqi və inkişafında, yeni istehsal sahələrinin yaradılması məsələlərində birincilər sırasında çəkilir. Həmçinin dünya silah bazarında iddialı gücə çevrilən Türkiyənin milli hərbi silah texnologiyaları məhsulu olan silah və avadanlıqları artıq brendə çevrilərək, ciddi rəqabət yarada bilib. “Bayraktar TB2” və “Qızıl Alma” dünyada geniş rezonans yaradıblar. Bir çox döyüşlərdə, ələlxüsus da 44 günlük Vətən müharibəsində Qarabağda döyüşlərin gedişatında əhəmiyyətli rol oynamış türk “SİHA”larına dünyanın fərqli ölkələrində maraq göstərilir. “SİHA”lara maraq göstərən, o cümlədən, NATO üzvü olan ölkələr bu silahların etibarlılığına, istehsalın keyfiyyətinə və döyüş üstünlüyünə şübhə etmirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.
Onun sözlərinə görə, Türkiyə xalqının istedadı və əməyi nəticəsində ərsəyə gələn, qardaş ölkənin ilk yerli elektromobili olan “Togg”un istehsalına başlanması isə Türkiyənin iqtisadiyyatında, müasir texnologiyaların tətbiqi və inkişafı sahəsində yeni səhifə açır. “Togg” avtomobilinin dünya miqyasında uğur qazanacağına şübhə yoxdur. Amma onu qeyd etmək vacibdir ki, bu, Türkiyədə yalnız hərbi sənayedə deyil, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğuna, elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir. Əminəm ki, Türkiyə hərbi sənaye sahəsində artıq öz sözünü dediyi kimi, bu sahədə də böyük uğurlar qazanacaq, etibarlılıq, keyfiyyət baxımından qabaqcıl mövqelərə yiyələnəcək. Həmçinin bu istiqamətdə fəaliyyət daha da inkişaf etdiriləcək, ilbəil öz dövrünün tələblərinə cavab verən yeni-yeni daha mükəmməl modellərin istehsalına nail olunacaq.
“Azərbaycanın qardaş ölkə ilə hərbi, siyasi və iqtisadi sahələrdə “Bir millət, iki dövlət” müstəvisində qurulmuş unikal münasibətləri, nəinki ölkələrimiz daxilində, hətta digər ölkələr tərəfindən də qəbul edilir. Bu baxımdan əlbəttə ki, Türkiyənin uğuru həm də bizim uğurumuzdur. Ümumiyyətlə, Türkiyənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir. İnanıram ki, Azərbaycanla Türkiyə hərbi sənaye sahəsində də bərabər addımladıqları kimi, bu sahədə də bərabər addımlayacaq. Eyni zamanda, “Togg” Azərbaycanın avtomobil bazarında mühüm yer tutacaq. Digər tərəfdən inanıram ki, bu texnologiyanın bazasında, Azərbaycanda da müştərək istehsal sahələri yaradılmasına, ölkəmizin də bu sahənin inkişafına, avtomobil istehsalı sənayesinin qurulmasına və inkişaf etdirilməsinə şərait yaradılacaq”, - deyə QHT sədri bildirib.