“Topaz futbol festivalı 2019” turniri yeddi bölgəni əhatə edəcək
Bakı, 20 may, AZƏRTAC
Respublikamızda keçiriləcək mini futbol üzrə “Topaz futbol festivalı 2019” turnirinin mayın 20-də təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Caspiantech” QSC-nin nümayəndələri Esin Umut, Aynurə Bayramova, Dünya Mini Futbol Federasiyanın Hakimlər Komitəsinin üzvü Əfqan Həmzəyev, futbol veteranı Gülağa Cabbarov və futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, ölkəmizdə futbolun inkişafına dəstək məqsədilə keçiriləcək bu yarış 7 bölgəni əhatə edəcək. Bütün bölgələr üzrə ümumilikdə 56 komandanın, o cümlədən 672 iştirakçının və onlarla könüllünün qatılacağı turnir Gəncə, Qax, Xocavənd, Qusar, Lənkəran, Sumqayıt və Bakıda təşkil olunacaq. Bölgə yarışlarının qalibi sonda Bakı finalında qarşılaşacaq. Hər bölgədə keçiriləcək yarışların açılış və bağlanış mərasimləri, təşkil olunacaq viktorinalar turnirə marağın artırılmasına töhfə verəcək. Festivalda hər bir iştirakçıya “Topaz”ın hədiyyələri təqdim olunacaq.
“Topaz futbol festivalı”nın keçirilməsinin məqsədi Azərbaycanda futbolun inkişafına dəstək vermək, futbol həvəskarlarının boş vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, paytaxtla yanaşı, bölgələrdə də mini futbolun kütləviliyini artırmaqdır.