“Türk Dünyası Həftəsi”: Türk dövlətləri arasında əməkdaşlıqda yeni səhifə
Bakı, 1 iyul, AZƏRTAC
100 il əvvəl Bakıda keçirilən Türkoloji Qurultayın yaratdığı elmi və ideoloji baza bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində institusional əməkdaşlıq formatında davam etdirilir. Bu isə ortaq dil, mədəniyyət və kimlik amillərinin artıq yalnız humanitar müstəvidə deyil, həm də siyasi və iqtisadi inteqrasiya proseslərində mühüm rol oynadığını təsdiqləyir. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən birgə təşəbbüslər mövqelərin daha da güclənməsinə xidmət edir. Bu prosesdə Azərbaycan həm tarixi ənənənin davamçısı, həm də müasir inteqrasiya modelinin əsas təşəbbüskarlarından biri kimi çıxış edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Səbinə Qaraşova deyib.
“Bakıda I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi türk xalqları arasında formalaşmış tarixi, elmi və mədəni birliyin bu gün daha geniş strateji məzmunla davam etdirildiyinin nümayişidir. Eyni zamanda, Azərbaycanla türkdilli dövlətlər arasında mövcud əməkdaşlıq modelinin yeni inkişaf mərhələsinə keçidini ifadə edir. Azərbaycanın türkdilli dövlətlərlə münasibətləri artıq klassik mədəni-humanitar və ikitərəfli əlaqələr çərçivəsini aşaraq daha kompleks və çoxşaxəli əməkdaşlıq sisteminə çevrilib. Bu sistem enerji təhlükəsizliyi, nəqliyyat-logistika şəbəkələrinin inkişafı, iqtisadi inteqrasiya, investisiya axınları və regional sabitliyin təmin olunması kimi istiqamətləri əhatə edir. Xüsusilə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri türkdilli dövlətlər arasında qarşılıqlı iqtisadi bağlılığı gücləndirərək regionun geoiqtisadi strukturunda yeni balansın formalaşmasına səbəb olub”, - deyə S.Qaraşova söyləyib.
Müasir beynəlxalq münasibətlər sistemində baş verən transformasiya prosesləri fonunda regional birliklərin strateji əhəmiyyəti artdığı üçün Azərbaycanla türkdilli dövlətlər arasında münasibətlər yalnız ikitərəfli maraqlar çərçivəsində deyil, həm də qlobal geosiyasi balansın formalaşmasına təsir edən mühüm faktor kimi dəyərləndirilir. Bu əməkdaşlıq modeli ortaq tarixi köklər, dil yaxınlığı və mədəni dəyərlər üzərində formalaşmaqla yanaşı, müasir iqtisadi və strateji prioritetlərin sintezinə əsaslanan çoxşaxəli sistem kimi çıxış edir.
O bildirib ki, son illərdə nəqliyyat və enerji sahələrində həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın regionda əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilməsini sürətləndirib. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafı, Xəzər hövzəsində enerji əməkdaşlığının genişlənməsi və yeni logistik marşrutların formalaşdırılması regionun iqtisadi inteqrasiyasını gücləndirməklə yanaşı, geoiqtisadi xəritədə yeni balansın yaranmasına da təsir göstərib. Eyni zamanda, humanitar əməkdaşlığın genişlənməsi ortaq kimlik və mədəni dəyərlərin möhkəmlənməsinə xidmət edir. Təhsil proqramları, mədəni layihələr, elmi tədqiqatlar və gənclər mübadiləsi isə uzunmüddətli perspektivdə ümumtürk əməkdaşlıq platformasının davamlılığını təmin edən əsas istiqamətlərdəndir.
“Türk Dünyası Həftəsi” kimi beynəlxalq formatlar türk dövlətləri arasında əməkdaşlığı gücləndirir, birgə fəaliyyətin daha səmərəli qurulmasına və ortaq layihələrin həyata keçirilməsinə şərait yaradır. Bu platformalar prioritetlərin razılaşdırılmasına, əlaqələrin sistemli şəkildə inkişafına və Türk dünyasının beynəlxalq müstəvidə daha koordinasiyalı çıxışına imkan verir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının yalnız mədəni-humanitar çərçivə ilə məhdudlaşmayaraq, regional və qlobal məsələlərdə ortaq mövqelərin formalaşdırılmasına xidmət edən əməkdaşlıq mexanizmi kimi inkişaf etdiyi vurğulanır”, – deyə o əlavə edib.