Türk dünyasının müasir inteqrasiyasının ideoloji kökləri Bakıda formalaşıb ŞƏRH
Bakı, 1 iyul, AZƏRTAC
Birinci Türkoloji Qurultayın 2026-cı ildə qeyd olunan 100 illik yubileyi yalnız elmi-mədəni hadisənin ildönümü deyil, Türk dünyasının ortaq tarixi yaddaşının yenidən siyasi və geostrateji məzmun qazanmasının mühüm mərhələsidir. Bu yubiley əslində yüz il əvvəl Bakıda əsası qoyulan ümumtürk həmrəyliyi ideyasının müasir beynəlxalq münasibətlər sistemində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
O bildirib ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay Türk xalqlarının tarixində misilsiz hadisə idi. Qurultay yalnız dilçilik, əlifba və türkologiya məsələlərinin müzakirə olunduğu elmi toplantı deyildi. Burada qəbul edilən qərarlar ortaq dil, ortaq mədəni yaddaş, milli maarifçilik, elmi əməkdaşlıq və sivilizasiya birliyi ideyasını sistemli şəkildə formalaşdıraraq gələcək ümumtürk inteqrasiyasının intellektual əsaslarını yaratmışdı. Sovet totalitarizmi həmin prosesi yarımçıq qoysa da, müstəqillik dövründə məhz Azərbaycan bu tarixi irsin bərpasını dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirdi. Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin beynəlxalq səviyyədə qeyd olunması ilə bağlı təşəbbüsü də məhz bu strateji baxışın davamıdır. Dövlətimizin başçısının irəli sürdüyü təşəbbüs keçmişin, sadəcə, xatırlanmasına deyil, tarixi yaddaşın gələcəyin siyasi arxitekturasına çevrilməsinə xidmət edir.
“Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü yalnız iqtisadi və hərbi imkanlarla ölçülmür. Tarixi legitimlik, mədəni irs, intellektual kapital və yumşaq güc amilləri geosiyasi rəqabətin əsas elementlərinə çevrilib. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət göstərir ki, Azərbaycanın Türk dünyası ilə bağlı baxışı ayrı-ayrı layihələrin məcmusu deyil, vahid strateji konsepsiyanın təcəssümüdür. Enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, nəqliyyat-kommunikasiya layihələri, rəqəmsal transformasiya, müdafiə əməkdaşlığı, iqtisadi inteqrasiya və humanitar əlaqələr bir-birini tamamlayan strateji xətt təşkil edir. Birinci Türkoloji Qurultayın yüzilliyinin qeyd olunması da bu siyasətin ideoloji sütunlarından biridir. Çünki iqtisadi əməkdaşlıq dövlətləri yaxınlaşdırırsa, ortaq tarix və ortaq mədəniyyət xalqları birləşdirir, xalqların birliyi isə uzunmüddətli siyasi inteqrasiyanın ən etibarlı təminatına çevrilir. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan son illərdə Türk dünyasının inteqrasiya proseslərinin əsas təşəbbüskarına çevrilib. Türk Dövlətləri Təşkilatının institusional güclənməsi, iqtisadi əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi, ortaq investisiya fondunun yaradılması, nəqliyyat marşrutlarının inkişafı, rəqəmsal əməkdaşlıq platformalarının formalaşdırılması və humanitar əlaqələrin dərinləşdirilməsi istiqamətində əldə olunan nəticələr bunu aydın şəkildə təsdiq edir. Birinci Türkoloji Qurultayın yubileyinin keçirilməsi təşəbbüsü isə həmin siyasətin humanitar və ideoloji istiqamətini tamamlayaraq təşkilatın gələcək inkişafına yeni məzmun qazandırır. Bu təşəbbüsün digər mühüm əhəmiyyəti ondan ibarətdir ki, müasir dövrdə tarix uğrunda mübarizə geosiyasi rəqabətin ayrılmaz hissəsinə çevrilib”, - deyə A.Qurbanova vurğulayıb.
Politoloq deyib ki, tarixi hadisələrin saxtalaşdırılması, mədəni irsin mənimsənilməsi və informasiya manipulyasiyalarının geniş vüsət aldığı şəraitdə tarixi həqiqətlərin beynəlxalq səviyyədə sistemli şəkildə təqdim olunması milli təhlükəsizlik məsələsinə çevrilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Birinci Türkoloji Qurultayın yüz illiyinin yüksək səviyyədə qeyd olunması bu baxımdan strateji əhəmiyyət daşıyır. Azərbaycan bununla dünya ictimaiyyətinə mühüm mesaj verərək göstərir ki, Türk dünyasının müasir inteqrasiyasının ideoloji kökləri məhz Bakıda formalaşıb və Azərbaycan bu tarixi irsin əsas daşıyıcısı olaraq onun gələcək nəsillərə çatdırılmasına xüsusi məsuliyyətlə yanaşır.
“Birinci Türkoloji Qurultayın yüzilliyi tarixi keçmişə ehtiramın ifadəsi olmaqla kifayətlənmir. Bu yubiley Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Türk dünyasının gələcəyini formalaşdıran strateji təşəbbüslərinin mühüm tərkib hissəsinə çevrilib. Yüz il əvvəl Bakıda əsası qoyulan intellektual birlik ideyası dövlətimizin başçısının siyasi iradəsi sayəsində bu gün yeni geosiyasi məzmun qazanaraq Türk Dövlətləri Təşkilatının gələcək inkişaf konsepsiyasının mühüm ideoloji dayaqlarından birinə çevrilir. Bu isə Azərbaycanın Türk dünyasında lider dövlət kimi mövqeyini daha da möhkəmləndirməklə yanaşı, ölkəmizin beynəlxalq humanitar diplomatiyasının, yumşaq güc potensialının və milli maraqlara əsaslanan xarici siyasət kursunun növbəti mühüm uğuru kimi tarixə düşür”, - deyə o əlavə edib.