Türkiyə 30 ildə atmosferə atılan zərərli tullantıları minimum həddə endirəcək
Ankara, 16 mart, AZƏRTAC
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar hökumətin atmosferə atılan zərərli tullantıların həcmini azaltmaqda qətiyyətli olduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Energetika Nazirliyinin rəhbəri Türkiyə iqtisadiyyatının enerji tələbatının artım tempinə diqqət çəkib.
“İqtisadi inkişaf fonunda təəssüf ki, ölkəmizin neft və qaz idxalından asılılığı problemi artır. Müasir Türkiyə enerji ehtiyacının üçdə ikisini xaricdən satınalmalar hesabına ödəyən bir ölkədir. İstehlak olunan qazın demək olar ki, hamısı, neftin 92 faizi, kömürün və filizlərin bəzi növləri - biz bütün bunları alırıq və ildə 10 milyard dollar ödəyirik. Nəticədə, Türkiyənin mənfi ticarət saldosu yaranıb”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, hazırda mövcud qaz və neft yataqları ehtiyatları Türkiyənin tələbatını ödəmək üçün kifayət etmir, ona görə də kəşfiyyat həm quruda, həm də dəniz zonasında davam etdiriləcək.
Nazir vurğulayıb: “2053-cü ilə qədər olan dövr üçün qarşıya iki əsas məqsəd qoyulub - atmosferə zərərli emissiyaların həcmini minimuma endirmək və enerji idxalından asılılığı aradan qaldırmaq”.
Bayraktar qeyd edib ki, bu məqsədə çatmağın yollarından biri də Mersin vilayətində tikintisi davam etdirilən birinci atom elektrik stansiyası kimi, məhz bu energetika mənbəyinə sərmayə qoymaqdır.