Türkiyəli futbol azarkeşi: Qardaş Azərbaycan “Avro-2020”yə çox yaxşı hazırlaşıb
Bakı, 16 iyun, AZƏRTAC
Qardaş Azərbaycana ilk dəfədir gəlirəm. Bakını çox sevdim. Bakı Bulvarı, Nizami küçəsi, Fəvvarələr meydanı, Heydər Əliyev Mərkəzi çox möhtəşəmdir. Qardaş ölkənin belə müasir paytaxtının küçələri ilə gəzərkən özümü İstanbulda və Ankaradakı kimi hiss edirəm. Yerli sakinlər də bizə yüksək qonaqpərvərlik göstərirlər. Bir daha əmin oldum ki, doğma Vətəndəyəm.
Bu sözləri futbol üzrə Türkiyə millisinin “Avro-2020”nin Bakıdakı oyunlarını izləmək üçün ölkəmizə gələn İbrahim Emre Sarılar AZƏRTAC-a müsahibəsində deyib.
Pandemiyadan sonra yenidən səyahət edə bilməkdən məmnunluğunu vurğulayan qardaş ölkə vətəndaşı bildirib: “Hər şeydən əvvəl pandemiya ilə əlaqədar sərt məhdudiyyətlərdən sonra yenidən səyahət edə bildiyim üçün şadam. Xüsusilə futbol matçlarını, özü də milli komandamızın oyunlarını stadionlarda izləyə bilməyin həyəcanını sözlə ifadə etmək mümkün deyil. Qardaş Azərbaycan “Avro-2020”yə çox yaxşı hazırlaşıb. Şəhərin bütün küçə və meydanlarında futbol bayramı ab-havasını hiss etmək mümkündür”.
“Ay-ulduzlular”ın Bakıdakı oyunlarından gözləntilərini ifadə edən İbrahim Emre Sarılar deyib: “Milli komandamızın İtaliya ilə oynadığı ilk görüş uğursuz oldu. Ona görə də əsas ümidimizi qarşıdakı oyunlara bağlamışıq. Komandamın həm Uels, həm də İsveçrə ilə qarşılaşmalarda qalib gələrək qrupdan çıxacağına inanıram. Bu oyunların Bakıda keçirilməsi və azərbaycanlı qardaşlarımızın dəstəyi komandamıza əlavə stimul verəcək”.