Türkiyəli nazir: Nəqliyyat dəhlizləri regional sülhə töhfədir
Ankara, 15 mart, AZƏRTAC
Türkiyə potensialı hələ tam üzə çıxarılmamış Orta Nəqliyyat Dəhlizi marşrutunun üzərində yerləşir. Eyni zamanda, Zəngəzur dəhlizi kimi tanınan yeni alternativ marşrutun formalaşdırılması üzərində iş aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə “TRT Haber” telekanalının efirində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Nazir vurğulayıb: “Bu marşrutların fəaliyyətə başlaması Türkiyənin sənaye və texnoloji inkişafına, həmçinin turizm sektoruna töhfə vermək anlamına gəlir”.
Türkiyəli nazirin sözlərinə görə, yeni nəqliyyat dəhlizləri təkcə yükdaşımalarının həcminin artması demək deyil, həm də perspektivdə sərnişindaşımalarının da həyata keçirilməsidir. O əlavə edib: “Şübhəsiz ki, bu dəhlizlər regional sülhə yatırılan sanballı investisiyalardır”.
Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri qeyd edib ki, Ankaranın bütün layihə və proqramları qarşıdakı 20 illik perspektivə hesablanıb. Uraloğlu buna misal olaraq Türkiyənin qonşu İraqla iqtisadi əlaqələrini gücləndirmək üçün nəzərdə tutulan “İnkişaf Yolu” nəqliyyat layihəsini göstərib.
“Bu il layihə çərçivəsində tikinti işlərinə başlanılacaq. Beləliklə, İraqın cənubundakı Bəsrə bölgəsi Londona qədər Avropaya birbaşa nəqliyyat qovşağı ilə birləşdiriləcək”, – deyə türkiyəli nazir izah edib.