Türkiyənin hava limanlarında sərnişin axını rekord həddə çatıb
Ankara, 15 mart, AZƏRTAC
2024-cü ilin fevral ayında Türkiyənin hava limanlarında sərnişin axını ötən ilin eyni ayı ilə müqayisədə rekord həddə - 25,5 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
“Fevral ayında daxili xətlərdə sərnişin axını 7 milyon 220 min 127 nəfər, beynəlxalq xətlərdə isə 7 milyon 518 min 213 nəfər təşkil edib”, – deyə nazirlikdən bildirilib.
Bu ilin fevral ayında daxili xətlərdə aviareyslərin sayı 66 min 898, beynəlxalq xətlərdə isə 49 min 167 olub ki, bu da ümumilikdə 2023-cü ilin eyni ayının göstəricilərindən 10,4 faiz yüksəkdir.
Məlumata əsasən, daxili reyslərdə yük daşımaları 62 min 860 ton, beynəlxalq reyslərdə isə 261 min 920 ton təşkil edib.