Türkiyənin nazir müavini: Azərbaycan xalqının mənafeyini qorumağa davam edəcəyik
Ankara, 2 sentyabr, AZƏRTAC
Türkiyə və Azərbaycanın üzləşdiyi çağırışlardan asılı olmayaraq, biz bundan sonra da Azərbaycan xalqının mənafeyini qoruyacaq və qardaş ölkəmizə kömək edəcəyik. Bunu AZƏRTAC -a açıqlamasında Türkiyənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Ahmet Aydın deyib.
Nazir müavini Vətən uğrunda canlarından keçmiş Azərbaycan və Türkiyə övladlarının xatirəsinə ehtiramın vacibliyini vurğulayıb. “Şəhidlərimiz azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə iradəsinin və əzminin təcəssümüdür. Əminəm ki, lazım gələrsə, hər bir Türkiyə və Azərbaycan vətəndaşı şəhid olan qəhrəmanların şücaətini təkrarlayacaq”, - deyən A.Aydın Azərbaycan xalqını tarixi torpaqlarının erməni işğalından azad edilməsi münasibətilə təbrik edib.
O, Prezident Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında gələcəkdə də qardaş Azərbaycanın maraqlarını sona qədər müdafiə etməyə hazır olduğunu vurğulayıb. “Ölkəmiz daim Azərbaycanın yanındadır. Əminəm ki, Ankara və Bakı qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bundan sonra da sıx əməkdaşlıq edəcəklər”, -deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, təkcə Qələbə sevincini deyil, həm də tarixin faciəli səhifələrinin ağrı-acısını bölüşməyi bacarmaq vacibdir. “Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin Türkiyəyə səfərləri bizə şəhid olan qəhrəmanların xatirəsinə ehtiram nümayiş etdirməyə imkan verir. Şəhidlərin xatirəsini daim yad etmək vacibdir. Bu, bizim borcumuzdur”, - deyə Aydın bildirib.
Nazir müavini Türkiyə və Azərbaycanın qazi və şəhid ailələri arasında təmasları iki ölkənin qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addım adlandırıb.
Qeyd edək ki, “Qardaş ailə” proqramı çərçivəsində Qarabağ müharibəsi şəhidlərinin yaxınları və doğmalarından ibarət bir qrup Ankarada səfərdədir.
“Qardaş ailə” proqramı “YAŞAT” Fondu ilə “Türkiyə-Azərbaycan Sahibkar və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) birgə səyləri ilə həyata keçirilir. Azərbaycan Hava Yolları bu təşəbbüsü fəal şəkildə dəstəkləyir.
Səfər çərçivəsində Qarabağ müharibəsi şəhidlərinin ailələri Türkiyənin Milli Müdafiə Nazirliyində qəbul edilib, qardaş ölkənin Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyində olublar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan olan şəhidlərin yaxınları və doğmaları ilə görüşüb, onları Zəfər Gününün 102-ci ildönümünə həsr olunmuş konsertə dəvət edib.
Səfər proqramına, həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət, qazilər və türk şəhid ailələri ictimai birliklərinin nümayəndələri ilə müzakirələr daxil edilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara