Ulu Öndərin hakimiyyətinin hər iki dövrü Azərbaycan dövlətinə, xalqına xidmət nümunəsidir
Bakı, 4 may, AZƏRTAC
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 4-də YAP Beyləqan rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü Azərbaycan dövlətinə, xalqına xidmət nümunəsidir. Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycanı ictimai-siyasi, sosial-iqtisadi və mədəni cəhətdən inkişaf etmiş bir ölkəyə çevirib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
YAP Veteranlar Şurasının sədri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, dünya tarixi şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyinin onların mənsub olduqları xalqın, yaratdıqları dövlətin həyatında əvəzedilməz rola malik olduğunu sübut edib. Heydər Əliyev gərgin fəaliyyəti və müstəsna xidmətləri ilə Azərbaycana möhtəşəm nailiyyətlər qazandırıb.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elnur Sadıqov vurğulayıb ki, Azərbaycanın bugünkü hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin bütün sahələrə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Hidayət Cəfərov Ümummilli Liderin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, Heydər Əliyev ideyaları müasir müstəqil Azərbaycanın tərəqqisinin əsaslarını təşkil edir və xalqımızın milli sərvətidir.
Digər çıxış edənlər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın hər birimizin qürur mənbəyi olduğunu diqqətə çatdırıblar.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.