ULUSLARARASI FOLKLOR KONFRANSI ÖZ İŞİNİ BAŞA ÇATDIRMIŞDIR
Üç bölmədə keçirilən iclaslarda filologiya elmləri doktoru, professor İsmayıl Vəliyevin “Xıdır İlyas və Osiris mifik obrazlarının qarşılıqlı əlaqəsi”, Enver Abdullayevin “Krım tatarlarının faciəli taleyinin XIX əsr qəriblik (köçkün) nəğmələrində əksi”, filologiya elmləri namizədi Burxan Berberovun “Qaraçay və balkarların folklorunun bədii xüsusiyyətləri”, doktor Hasan Ciritin “Türk–İslam bilgili imam Buharinin, “El-Camius-Sahih” adlı əsərinin türk mədəniyyətinin yeri” mövzularındakı məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı.
Günün ikinci yarısında konfrans öz işini yekunlaşdırdı.
Yekun iclasında “Mənəvi birlik ideyası” mövzusundakı məruzəsində Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov türk xalqları arasında mənəvi birliyın möhkəmləndirilməsinin vacibliyindən danışdı. Dedi ki, mənəvi birliyə nail olmağın bir yolu da folklorumuzdan keçir. Onu öyrəndikcə, qədim qatlara getdikcə bu birliyin nə qədər möhkəm bünövrəyə əsaslandığının şahidi oluruq.
Konfransda müzakirələrin səmərəli keçdiyini vurğulayan natiq bu tədbiri xalqlarımızın birliyinə, ortaq keçmişimizin öyrənilməsinə doğru əhəmiyyətli addım kimi dəyərləndirdi. Bildirdi ki, kofransda türk xalqlarının folkloruna aid 70-ə yaxın məruzə dinlənilmiş, həmin məruzələr operativ şəkildə kitab halında çap edilərək müəlliflərə paylanmışdır.
Martın 20-də qonaqlar Bakıda Novruz şənliklərini izləyəcəklər.