Ülviyyə Əliyeva: Böyük Qələbəyə gedən yol çox da uzaqda deyil

Lənkəran, 10 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Bu gün on milyonluq Azərbaycan xalqının şərəf və ləyaqət simvoluna çevrilən and yeridir Qarabağ. Dünyanın harasında yaşamasından asılı olmayaraq, damarlarında azərbaycanlı qanı axan hər bir Vətən övladının ürəyi bu günlər Qarabağda döyünür. Böyük bir xalqı bir amal uğrunda birləşdirməyi bacaran qüdrətli, möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu son günlər tariximizin ən şanlı səhifələrini yazmaqda davam edir.
Bu sözləri Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibədə bildirib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın oktyabrın 9-da Azərbaycan xalqına etdiyi müraciətin bütün Lənkəran ziyalılarında qürur hissi yaratdığını, əminlik hissini daha da gücləndirdiyini vurğulayan Ü.Əliyeva Azərbaycan xalqı öz taleyini etibarlı əllərə əmanət etdiyini diqqətə çatdırıb.
O deyib: “Bu gün ulu babamız Şah İsmayıl Xətainin parlaq döyüş ənənələrini davam və inkişaf etdirməklə böyük zəfərə müvəffəq olmuş Ali Baş Komandan işğaldan azad olmuş yaşayış məntəqələrinin adını qürur hissi ilə xalqına elan etdi. Azad edilmiş şəhərlər, kəndlər, qəsəbələr, tarixi qələbəmizin başlanğıcıdır. Əzəmətli Sərkərdənin qətiyyətinə söykənən yenilməz ordumuzun düşmənə aman vermədən əldə etdiyi qənimətlər bu gün düşmənin özünə tuşlanacaq. Bu mənfur düşmənin ən böyük cəzasıdır.
Təəssüf hissi ilə qeyd edirik ki, beynəlxalq ictimaiyyət erməni qəsbkarlığının işğalçılıq missiyasına laqeydliklə yanaşır, erməni terrorunun qurbanı olmuş dinc həmvətənlərimizin həyatını itirməsinə susmaqla cavab verir. Amma bu, Azərbaycan xalqının haqqa söykənən iradəsini sındıra bilməz”.
Xalqımızın əzmkarlığı ilə düşmənə diz çökdürən Ali Baş Komandanımıza Azərbaycan xalqının inandığını söyləyən lənkəranlı ziyalı, bu günlər Azərbaycan Prezidentinin müxtəlif telekanallara verdiyi müsahibələr və Azərbaycan xalqına etdiyi müraciət bir daha onu göstərir ki, biz haqq yolundayıq və haqqın-ədalətin qalib gələcəyi gün uzaqda deyil. Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazan möhtərəm Prezidentimiz müraciətində deyildiyi kimi, “Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır”.
Ülviyyə Əliyeva çıxışını aşağıdakı sözlərlə tamamladı: “Bu gün şəhidlərimizin büründüyü müqəddəs Azərbaycan bayrağının Şuşada dalğalanacağı, Böyük Qələbəyə gedən yol çox da uzaqda deyil. Biz buna inanırıq və Prezidentimizə güvənirik. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Amin! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!