Umud Mirzəyev: Dünya ictimaiyyəti Azərbaycanın mina probleminə biganə münasibət göstərir
Tərtər, 4 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Dünyanın 60-dan çox ölkəsində 60 milyondan çox insan mina faciəsindən əziyyət çəkir. Təəssüf ki, Azərbaycan da minalarla ən çox çirklənmiş ölkələr arasındadır. Azərbaycan dünyada mina və partlamamış hərbi sursatlarla çirklənməyə görə ilk onluqda yer alır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev deyib.
O bildirib ki, Ermənistan ordusu işğal etdiyi torpaqlardan çıxarılıb, amma Azərbaycan mina problemi ilə üz-üzə qalıb. Hər gün Azərbaycan vətəndaşı bu problemin çətinlikləri ilə üzləşir. Bir neçə gün əvvəl Tərtərdə mina partlaması nəticəsində gənc insanlar sağlamlıqlarını itirdilər. Təkcə son bir ayda üç mina hadisəsi baş verib.
“Mina problemi təkcə Azərbaycanın problemi deyil. Bəşəri problemdir. Ermənilər mina problemini yaratmaqla, həm də özlərinin vəhşi xislətlərini göstəriblər. Azərbaycanda 4500-ə yaxın mina qurbanı və minadan zərərçəkən var. Azərbaycan minalarla ən çox çirklənmiş ölkədir. Lakin Azərbaycanın bu probleminə dünya ictimaiyyəti tərəfindən biganə münasibət göstərilir”, – deyə Umud Mirzəyev bildirib.