Ümummilli Lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir
Quba, 6 iyul, Elxan Yusifli, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müasir azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyimizin qüdrətlənməsində və dövlət quruculuğu prosesində əhəmiyyətli rol oynayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən (BBMM) “Heydər Əliyev İli” çərçivəsində Qubada “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusuna təşkil olunan seminarda bildirilib.
Seminar iştirakçıları tədbirdən öncə Quba şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca BBMM-nin hazırladığı “Heydər Əliyev və multikulturalizm” sənədli filmi nümayiş olunub.
Tədbirdə bildirilib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində cari il iyun-noyabr aylarında ölkəmizin 10 rayonunun Heydər Əliyev mərkəzlərində icra hakimiyyətləri ilə birlikdə Ulu Öndərin Azərbaycan multikulturalizminin inkişafında xidmətlərinə həsr olunan seminarlar keçirir. Seminarların keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin çoxspektrli fəaliyyəti, hakimiyyətə ikinci dəfə gəlişindən sonra azərbaycançılıq məfkurəsinin yenidən təşəkkül tapmasında rolu, xüsusən də ölkəmizdə əsrlərdən bəri əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif etnik qruplar və konfessiyalar üçün yaradılan şərait, bu gün də milli və dini icmalara göstərilən dövlət qayğısı barədə geniş maarifləndirmə işləri aparmaqdır.
Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Tariyel İbrahimov bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqımızın təkidli xahişi və tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra azərbaycançılıq məfkurəsi yenidən təşəkkül tapdı, ölkəmizdə əsrlərdən bəri əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif etnik qruplar və konfessiyalar üçün yaradılan şərait daha da yaxşılaşdırıldı. Hazırda Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində milli və dini icmalara göstərilən dövlət qayğısı daim diqqət mərkəzində saxlanılmaqdadır.
Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli çıxış edərək diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin multikulturalizm siyasəti ölkəmizin demokratik inkişafının tərkib hissəsidir. Heydər Əliyev ölkə ərazisində yaşayan etnik qruplarla, digər xalqların nümayəndələri ilə hər zaman mütəmadi görüşürdü. Məhz bu qayğı və diqqətin nəticəsidir ki, ölkəmizdə yaşayan bütün xalqlar birlikdə vahid Azərbaycan cəmiyyətinin inkişafına, müstəqil dövlətimizin daha da qüdrətli olmasına öz töhfəsini verir. Bu gün sürətli inkişaf yolunu seçən ölkəmiz həm də müxtəlif mədəniyyət və dəyərlərin daşıyıcısı olan xalqların, fərqli dinə etiqad edən insanların dinc şəraitdə yanaşı yaşadığı unikal multikultural məkandır. Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan onun siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil siyasəti ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Ölkəmizdə Azərbaycan xalqının multikultural dəyərlərinin qorunması və inkişaf etdirilməsi sahəsində Ulu Öndərin müəyyənləşdirdiyi fəaliyyət Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Billurə Aslanova BBMM-in yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləridir. Bu layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev vurğulayıb ki, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib. Ölkəmizdə bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayır. Azərbaycandakı bütün xalqlar özlərini sərbəst, rahat hiss edir, dini inanclarına görə mənfi münasibətlərə məruz qalmırlar.
Tədbirin sonunda iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.