“Ümummilli Lider Heydər Əliyev və Gəncə” mövzusunda respublika elmi konfransı keçiriləcək
Bakı, 4 aprel, AZƏRTAC
Mayın 4-5-də “Ümummilli Lider Heydər Əliyev və Gəncə” mövzusunda respublika elmi konfransı keçiriləcək. Konfrans Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr ediləcək.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA-nın Gəncə bölməsinin təşkilatçılığı ilə keçiriləcək konfransın proqramında “Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisidir”, “Ulu Öndərin elm, təhsil və mədəniyyətə qayğısı”, “Milli-mənəvi dəyərlərin və tarixi irsin qorunmasında Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev Qafqazda davamlı sülhün və multikulturalizm siyasətinin qurucusudur” istiqamətləri üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur.
Konfrans Azərbaycan, rus və ingilis dillərində keçiriləcək. Tezislər aprelin 17-dək qəbul olunacaq.
Tezislərin tərtibatına dair tələblər haqqında məlumat AMEA-nın saytında yerləşdirilib.