ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİ ÖTƏNDÖVRDƏKİ FƏALİYYƏTİNƏ YEKUN VURMUŞDUR
ÜAK-ın vitse-prezidenti, icra aparatının rəhbəri Natiq Ağamirov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, iclasda Konqresin ötən dövrdəki fəaliyyətinə yekun vurulmuş, onun komitələrinin, icra aparatının işinin nəticələri araşdırılmış, təşkilatlanmada, Azərbaycanın diaspor təşkilatları ilə əlaqələrin möhkəmlənməsində, xalqımızın tarixi və mədəni irsinin təbliğində əldə edilmiş uğurlar qeyd olunmuşdur.
Bildirilmişdir ki, ÜAK Rusiyanın federal və regional dövlət hakimiyyəti orqanları ilə müvəffəqiyyətlə qarşılıqlı fəaliyyət göstərir. Bu əlaqələr həmvətənlərimizin qarşılaşdıqları ictimai-hüquqi xarakterli bir çox problemlərin həllinə imkan verir.
ÜAK-ın regional şöbələrinin yaradılması və təşəkkülü prosesi başa çatmaqdadır, hazırda onlar Rusiyanın 64 subyektində uğurla fəaliyyət göstərirlər. Bir sıra subyektlərin icra hakimiyyətlərinin başçıları ilə yaxşı əlaqə yaradılmış, bir çoxları ilə əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.
Ötən dövrdə Konqres görkəmli həmvətənlərimizin yubileyləri ilə, habelə milli bayramlarımızla bağlı bir çox tədbirlərin, təqdimat mərasimlərinin keçirilməsinin təşəbbüsçüsü və təşkilatçısı olmuşdur.
İclasda ÜAK-ın fəaliyyətinin səmərəliliyini yüksəltmək məqsədi ilə onun idarəetmə strukturunun yenidən qurulmasının zəruriliyi vurğulanmışdır. Hüquq müdafiəsi mərkəzinin işini gücləndirmək, tibbi yardım xidməti, miqrantların yaşayış şəraitinə uyğunlaşması ilə bağlı məsələlərin həllində onlara sosial yardım göstərən, soydaşlarımızın hüquq və mənafelərini qoruyan büro yaratmaq üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.