UNEC-də “Yaşil dünya naminə həmrəylik ili” çərçivəsində beynəlxalq elmi konfrans keçiriləcək
Bakı, 18 mart, AZƏRTAC
Elm və təhsil mühitinin formalaşdırılması və təkmilləşdirilməsi üçün tədqiqatlar aparılmasının böyük əhəmiyyəti var. İnformasiya texnologiyalarının, süni intellektin və dünyada təhsillə bağlı yanaşmaların dəyişməsi və yeniliklərin bütün ölkələrə transformasiyası mühüm bir reallıqdır. Azərbaycanda təhsil sisteminin inkişafında, tədqiqatların keyfiyyətinin artırılmasında, beynəlxalq təhsil arenasının qabaqcıl qurumları ilə əlaqələrin genişləndirilməsində, fikir və informasiya mübadiləsində elmi-akademik tədbirlər mühüm rol oynayır. Təhsil və tədqiqat mühitinin təkmilləşməsinə dəstək olmaqla yanaşı, ölkəmizin təhsil imicinə də müsbət təsir göstərən bu tədbirlərin beynəlxalq təcrübə və keyfiyyətlərə əsaslanaraq təşkili əsas prioritetlərdən biridir. Bu çərçivədə artıq 6 ildir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən təşkil olunan İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR) dövrün çağırışlarına cavab verən aktual mövzuların geniş müzakirəsi ilə seçilməkdədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında UNEC-in elm üzrə prorektoru, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Fariz Əhmədov söyləyib. O bildirib ki, bu konfrans dünyanın müxtəlif ölkələrindən olan professor, müəllim və tədqiqatçılar üçün tədqiqat nəticələrinin paylaşılması və fikir mübadiləsi üçün bir platforma olmaqla yanaşı, ölkəmizdə təhsil və tədqiqatların inkişafına töhfə verəcək müxtəlif tədbirlərin keçirilməsi və akademik vəsaitlərin nəşr olunması ilə də fərqlənir. VI ISCEMR ənənəyə uyğun olaraq mayın 23-26-da Heydər Əliyev Mərkəzində UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək.
Fariz Əhmədov qeyd edib ki, son illər xüsusilə iqlim dəyişikliklərinin mənfi təsirlərini azaltmaq və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün alternativ enerji mənbələrindən istifadə və yeni yaşıl texnologiyalara keçid sürətlənib: “Dünyanın hər yerində olduğu kimi, qarşıdakı bir neçə ildə ölkəmizdə də iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizədə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, ətraf mühitlə bağlı yeni texnologiyaların tətbiqi əsas prioritetlərdən biri olacaq. Məhz bu istiqamətdə Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə həyata keçirilən dövlət siyasəti ekosistemin bərpasına və alternativ enerji mənbələrinin iqtisadiyyatdakı payının artırılmasına istiqamətlənib. Təsadüfi deyil ki, görülən işlərin nəticəsi olaraq sözügedən sahədə dünyanın ən nüfuzlu tədbiri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 Azərbaycanda keçiriləcək. Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib”.
UNEC-in prorektoru bildirib ki, builki konfrans “Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” mövzusuna həsr olunacaq.
Əvvəlki konfranslarda ümumilikdə dünyanın 50-dən çox ölkəsindən 2000-ə yaxın tədqiqatçının öz elmi məqalələri ilə iştirak etdiyini xatırladan dosent Fariz Əhmədov deyib: “Konfransın elm komitəsi tərəfindən keyfiyyət standartlarına uyğun olaraq seçilmiş bu tədqiqat işləri üçün müxtəlif nəşr imkanları yaradılıb. Bu günədək konfrans tərəfindən beynəlxalq ISBN nömrəsi ilə “Konfrans xülasələr kitabı” və “Konfrans tam mətn məruzələr kitabı” nəşr edilib və elektron versiyada konfransın rəsmi saytına yerləşdirilib. Eyni zamanda, konfrans çərçivəsində elm komitəsi tərəfindən seçilmiş keyfiyyətcə daha yüksək olan tədqiqat işləri dünyanın qabaqcıl akademik platformalarında indekslənən beynəlxalq elmi jurnalda çap edilib və indekslənib. Bundan əlavə, ərsəyə gələn bütün elmi nəşrlər dünyanın müxtəlif nüfuzlu universitetlərinin kitabxanalarında və digər beynəlxalq bazalarda indekslənib. VI konfransla bağlı da sözügedən nəşrlərin indekslənməsi həyata keçiriləcək.
Beynəlxalq konfrans çərçivəsində ölkəmizdə təhsil və tədqiqatların keyfiyyətinin artırılmasına töhfə verilməsi məqsədilə müxtəlif mövzularda kitablar nəşr olunaraq ictimaiyyətə təqdim edilib. Bu baxımdan “Qarabağda biznes mühiti və kiçik və orta biznesin inkişafı”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında investisiyaların rolu” və “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının qiymətləndirilməsi”, “Strateji idarəetmə”, “Tədqiqat metodları”, ingilis dilində “Exploring The Green Economy: Issues, Challanges and Benefits”, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı “Bir əsrin iqtisadi portreti” kitablarını qeyd etmək olar. Builki konfrans çərçivəsində də “Yaşıl iqtisadiyyat” dərs vəsaiti və “Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf” məqalələr toplusu hazırlanaraq çap ediləcək, elektron formada konfransın rəsmi saytında yerləşdiriləcək, habelə müxtəlif universitetlərin kitabxana bazalarına göndəriləcək”.
Universitetin prorektoru diqqətə çatdırıb ki, ISCEMR sadəcə elmi məruzələr və nəşrlər ilə deyil, açılış mərasimləri və konfrans günlərində müxtəlif elmi tədbirlərlə də zəngin olub. Konfransın rəsmi açılış mərasimlərində dövlət və özəl qurumların rəhbərlərinin çıxışları ilə yanaşı, yerli və xarici mütəxəssislərin, tədqiqatçı və professorların iştirakı ilə plenar sessiyalar təşkil olunub. Dünyanın müxtəlif ölkələrindən, habelə BMT-dən, Dünya Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından olan mütəxəssislərin, nüfuzlu universitetlərin, dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə sosial şəbəkələr üzərindən canlı yayımlanan 40 vörkşop keçirilib. Bu vörkşoplarda yerli və xarici olmaqla, ümumilikdə 150-ə yaxın mütəxəssis aktual mövzularda öz fikirlərini tədqiqatçılarla bölüşüb.
“Builki konfransın açılış mərasimindən sonra dövlət, özəl sektor və beynəlxalq qurumların rəhbər şəxslərinin iştirakı ilə “Gələcəyi istiqamətləndirmək: dayanıqlı gələcək üçün iqlim dəyişikliklərinin maliyyələşdirilməsində yeniliklər”, “Dayanıqlı inkişaf yolunda ortaq rəqabət: əsas istiqamətlər və çətinliklər”, “Türk dünyasında yaşıl və dairəvi iqtisadiyyat: keçid üçün yol xəritəsi”, “Yaşıl enerji zonası olaraq Qarabağ və Şərqi Zəngəzur: mövcud vəziyyət və perspektivlər”, “Yaşıl maliyyə və yaşıl investisiyaların təkamülü: trendlər və ümumi baxış”, “Ətraf mühitlə bağlı sosial təşəbbüslərin həyata keçirilməsi”, “İqlim dəyişikliyi ilə mübarizədə yaşıl innovasiyalar”, “Dayanıqlı inkişafda beynəlxalq rəqabətqabiliyyətlilik meyilləri”, “Bərpaolunan enerji mənbələrinə keçid: qlobal istiləşmə ilə mübarizə” mövzularında panel müzakirələri təşkil olunacaq və konfransın rəsmi sosial media hesabları vasitəsilə canlı yayımlanacaq.
Konfransın üçüncü və dördüncü günləri onlayn məruzə sessiyaları keçiriləcək. Azərbaycan, türk, ingilis və rus dillərində keçiriləcək sessiyalarda dünyanın müxtəlif ölkələrindən 500-dən çox tədqiqatçı 100-ə yaxın məruzə ilə öz tədqiqatlarını təqdim edəcək. Tədqiqat işlərindən elm komitəsi tərəfindən seçilənlər beynəlxalq elmi jurnallarda xüsusi buraxılış olaraq çap ediləcək və dünyanın qabaqcıl akademik platformalarında indekslənəcək. Həmçinin tədqiqatçıların elmi işləri əsasında beynəlxalq ISBN nömrəsi ilə “Konfrans tam mətn məruzələr kitabı” olaraq onlayn formada nəşr ediləcək, müvafiq saytda yerləşdiriləcək və dünyanın ən qabaqcıl akademik platformalarında və kitabxanalarında yer alacaq”, - deyə Fariz Əhmədov bildirib.
O qeyd edib ki, konfransa göndərilən məqalələrin dəyərləndirilməsi üçün, eləcə də təşkilati və digər məsələlərlə bağlı dünyanın nüfuzlu universitetlərinin professorları və mütəxəssislərindən ibarət beynəlxalq elm komitəsi, təşkilat komitəsi və katiblik fəaliyyət göstərir. Tətbiqi Elmlər və İncəsənət Universiteti (HES-SO, İsveçrə), İstanbul, İstanbul Gelişim, Atatürk universitetləri (Türkiyə), Qırğız - Türk Manas Universiteti (Qırğızıstan), Turan Universiteti (Qazaxıstan), Miskolc, Obuda, Debrecen universitetləri, Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti (Macarıstan) “Sapir College” (İsrail), Kiyev Taras Şevçenko adına Milli Universiteti (Ukraynan), Daşkənd Dövlət Universiteti (Özbəkistan), Silesia Akademiyası, Kazimierz Vielki Universiteti (Polşa), Bratislava İqtisadiyyat Universiteti (Slovakiyan), Çitkara Universiteti (Hindistan), Gürcüstan Universiteti, St. Andrey Gürcüstan Universiteti, İlia Dövlət Universiteti (Gürcüstan), Malaqa Universiteti (İspaniya), Agora Universiteti (Rumıniya), Malta Universiteti (Malta), Latviya Universiteti (Latviya), Lyublyana Biznes Məktəbi (Sloveniya) və digər universitetlər konfransın əsas tərəfdaşlarıdır. Konfransın rəsmi baş sponsoru “PAŞA Holdinq” şirkətlər qrupudur.
Beynəlxalq konfransa elmi məqalələri aprelin 15-dək göndərmək olar. Ətraflı məlumatı konfransın rəsmi saytından www.iscemr.com əldə etmək olar.