Valideynlər məktəbli formasını istədikləri yerdən ala və ya tikdirə bilərlər
Quba, 17 avqust, Elxan Yusifli, AZƏRTAC
Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsində olduğu kimi, Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə də vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Valideynlər məktəbli formasını istədikləri yerdən ala və ya tikdirə bilərlər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Gülər Mirzəyeva bildirib. Gülər Mirzəyeva deyib ki, ötən tədris ilində regionun bütün ümumi təhsil müəssisələrinin Pedaqoji şuraları geyim forması ilə bağlı müvafiq qərar qəbul edib. Valideynlər övladlarının təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər.
“Yeni tədris ilinə hazırlıq məqsədilə valideynlərin məktəbli formalarını satış məntəqələrindən əvvəlcədən əldə etmələri tövsiyə olunur. Valideynlər məktəbli formasını istədikləri yerdən ala və ya tikdirə bilərlər. Valideynlərin məlumatlandırılması zamanı məktəbli formalarının satış məntəqələrindən hər hansı biri xüsusi fərqləndirilmir. Seçilmiş forma ən azı 3 tədris ili istifadə olunacaq. Vahid geyim forması şagirdlərə məsuliyyət hissi aşılayır və məktəbin özünəxas təhsil mühitini formalaşdırır”, - deyə G.Mirzəyeva söyləyib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi beş rayonda 413 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə ümumilikdə 75 min 748 şagird təhsil alır.