Veloparkda kriterium yarışlarının qalibləri müəyyənləşib
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün təqvim planına uyğun olaraq, Veloparkda Açıq Bakı Kriterium yarışlarının 2-ci mərhələsi keçirilib.
Yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib.
AZƏRTAC xəbər verir ki, qızların mübarizəsində 8 saylı Olimpiya Ehtiyatları Məktəbinin təmsilçisi Validə Cabbarova hamıdan güclü olub. Onun komanda yoldaşı Maksim Naperstkov isə gənc oğlanların mübarizəsində bütün rəqiblərini qabaqlayıb.
U-15, U-17 və U-23/Elit kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvləri Nikita Sıtov, İvan Orlov və Orxan Məmmədov qalxıblar.
Açıq Bakı Kriterium yarışlarının sonuncu, 3-cü mərhələsi aprelin 23-də keçiriləcək.