İQTİSADİYYAT
Vergi güzəştləri xaricdən əldə olunan kənd təsərrüfatı fəaliyyətindən gəlirlərə şamil edilirmi?
Bakı, 10 avqust, AZƏRTAC
Vergi Məcəlləsinə əsasən, kənd təsərrüfatı fəaliyyətindən azadolmalar fiziki və hüquqi şəxslərin xaricdən əldə etdiyi kənd təsərrüfatı fəaliyyətindən gəlirlərə də şamil edilirmi?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü il yanvarın 1-dək, gəlir vergisindən isə müddətsiz azad edilib.
Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olan şəxslərə vergi qanunvericiliyində nəzərdə tutulan vergi azadolmalarının tətbiqinin mahiyyəti ölkədə kənd təsərrüfatı sahəsinin inkişafı, özünüməşğulluğun təmin edilməsi, həmin sahənin məhsullarına olan tələbatın daxili istehsal hesabına təmin olunması, idxaldan asılılığın azaldılması və ərzaq təhlükəsizliyi baxımından aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsidir.