Virtual Qlobal Parlamentlərarası Forumda Azərbaycan da təmsil olunur
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da 2021-ci il Virtual Qlobal Parlamentlərarası Forumu öz işinə başlayır. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) üzrə Parlament Şəbəkəsinin Dünya Bankı Qrupu və BVF ilə birgə həyata keçirdiyi Forumun builki mövzusu “Daha güclü, daha ədalətli və daha yaşıl qayıdış”dır.
AZƏRTAC xəbər verir ki, Forum COVID-19 ilə mübarizə və pandemiyanın yaratdığı mənfi təsirlərlə yanaşı, dünyada artmaqda olan bərabərsizlik və milyonlarla insanı yoxsulluğa sürükləyən təbii fəlakətlərlə bağlı müzakirələrə həsr olunacaq.
Cari ilin 6-8 və 11 oktyabr tarixlərində keçiriləcək bu Forum dünyanın müxtəlif ölkələrindən olan deputatların Dünya Bankı və BVF rəhbərliyi ilə inkişaf və qlobal iqtisadi mövzularda birbaşa dialoq aparması üçün mühüm bir platformadır.
Bu platformada parlament üzvləri postpandemiya dövründə dayanıqlı və inklüziv strategiyaların təbliğ olunması üçün öz təcrübələrini bölüşəcək, eyni zamanda, dörd gün ərzində davam edən virtual sessiyalarda, qlobal sağlamlıq prioritetlərinə, ətraf mühitə, özəl sektorun daha yaxşı və daha əhatəli cəmiyyətin qurulmasında roluna xüsusi diqqət yetirərək ictimai siyasəti müzakirə etmək imkanı əldə etmiş olacaqlar.
Həmçinin deputatlar Dünya Bankı Qrupu və BVF-nin yüksək səviyyəli idarəetmə mütəxəssisləri, xüsusən də BVF-nin idarəedici direktoru Kristalina Georgieva və Dünya Bankı Qrupunun prezidenti David Malpass ilə "Daha güclü, daha ədalətli və daha yaşıl qayıdış" şüarı altında müxtəlif mövzular ətrafında geniş müzakirələr aparacaqlar.
2021-ci il Virtual Qlobal Parlamentlərarası Forumda ölkəmizi Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev təmsil edəcək. Forumun ikinci günündə BMT-nin iqlim dəyişikliyi konfransı - COP26-ya gedən yol sessiyasında M.Əfəndiyevin çıxışı planlaşdırılıb.
Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu üzrə Parlament Şəbəkəsi 140-dan çox ölkədən olan parlamentarilərin Beynəlxalq Maliyyə Təşkilatlarında hesabatlılığın, şəffaflığın və çoxtərəfli inkişafın maliyyələşdirilməsi üçün bir araya gəlməsini təmin edir. Şəbəkə üzvləri 2000-ci ildən bəri öz ölkələrində və xaricdə qlobal mövzular içərisində inkişaf və makroiqtisadi problemləri həll etməyə çalışır.