Virusa birlikdə qalib gələk!
Bakı, 23 mart, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi koronavirusla bağlı məsələnin ciddiliyini yaxşı anlayır və buna görə də #EvdəOturVirusaYoluxma şüarına qoşulur. Birlik bayram günlərində də 2 milyon 300 minə yaxın abonentin qaz təchizatında fasilələr olmasın deyə iş başındadır. Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarları, tələb və tövsiyələri nəzərə alınaraq bir çox sahələrdə çalışan insanlar artıq əmək fəaliyyətindən ayrılaraq evdən bayıra çıxmır. “Yəni, biz də, həkimlər də, başqa qurumlar da çalışır ki, hamı rahat evində otura bilsin. Bu zəhmətimiz hədər olmasın deyə, özünüzü təhlükəyə atmayın! Virusa birlikdə qalib gələk!”, - deyə məlumat qeyd edilir.