Xaçmazda müəllimlərin işə qəbulu üzrə müsabiqədə 214 nəfər iştirak edib
Xaçmaz, 15 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 15-də keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günündə şimal bölgəsindən 214 nəfər iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahan bir mərkəzdə - Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təşkil olunub. İkinci günün iştirakçıları biologiya, rus dili, rus dili və ədəbiyyatı, alman dili və texnologiya fənləri üzrə imtahan veriblər.
Əlli səkkiz minə yaxın namizədin iştirak etdiyi test imtahanları iyulun 11-dən 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilib.
Müəllimlərin işə qəbulu müsabiqəsinin əsas məqsədi savadlı və bacarıqlı müəllimlər seçməkdir. Müsabiqə peşəkar və mütəxəssis müəllimləri tapmağa imkan verir ki, bu da öz növbəsində tədris prosesindəki effektivliyi artırmağa kömək edir. Həmçinin müsabiqə yeni məzun olmuş pedaqoji profilli ixtisaslı gənclərin potensiallarını göstərmələrinə imkan yaradır.