Xaçmazda on kənddə qazılan subartezian quyularından 13 min nəfərdən çox əhali faydalanacaq
Xaçmaz, 23 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonu ərazisində qazılacaq 10 subartezian quyusundan, ümumilikdə, 13 min 400 nəfər əhali faydalanacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Nərəcan, Üryanoba və Gəncəli kəndlərində qazılan quyularda son tamamlanma işləri görülür. Quyuların qazılması işləri yekunlaşdıqdan sonra elektrik avadanlığının quraşdırılmasına başlanılacaq. Ağaverdioba, Armudpadar, Çarxı, Çaykənarı, Çılğır, Şıxhaput və Yaquboba kəndlərində isə quyuların qazılması cari ilin sonunadək növbəli şəkildə başa çatdırılacaq.
Subartezian quyularının qazılması Prezidentin “Xaçmaz rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən həyata keçirilir. Sərəncamın icrası rayonun davamlı suvarma suyu və içməli su ilə təminatında mühüm rol oynayacaq.