REGİONLAR
Xaçmazın 25 kəndində elektrik təsərrüfatı yenilənir VİDEO
Xaçmaz, 3 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda əhalinin elektrik enerjisi ilə davamlı təchizatı üçün təsərrüfatın yenilənməsi işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ilkin mərhələdə rayonun 25 kəndində elektrik təsərrüfatı tamamilə yenilənir. 2021-2022-ci illərdə 5 kənddə köhnə transformator məntəqələri, yararsız kabellər, sayğaclar və ağac dayaqlar yeniləri ilə əvəz olunub. Hazırda işlər Xaçmaz şəhərinin müxtəlif ərazilərində, eləcə də Həsənqala, Yergüc, Armudpadar, Üçgünqışlaq, Sərkərli, Əhmədoba, Yaquboba, Yeni Həyat və digər yaşayış məntəqələrində davam etdirilir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Sevil Mikayılova və “Azərişıq” ASC-nin sədrinin baş müşaviri Toğrul Rəhimov Həsənqala kəndində elektrik təsərrüfatında aparılan yenidənqurma işləri ilə tanış olublar.
Bildirilib ki, 2 min nəfərə yaxın əhali yaşayan Həsənqala kəndində 7 transformator məntəqəsi qurulub, 800 ədəd elektrik dirəyi dəyişdirilib, 16 min metr SİP kabel çəkilib. “Azərişıq” ASC tərəfindən “Yeni kəndlər” layihəsi çərçivəsində Xaçmaz rayonunda ilin sonunadək 25 yaşayış məntəqəsində elektrik təsərrüfatı yenidən qurulacaq.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərlə söhbət zamanı bildirib ki, yaşayış məntəqələrində qaz, işıq və su ilə təchizatının yaxşılaşdırılması istiqamətində işlər bundan sonrada davam etdiriləcək.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.