Xaçmazlı coğrafiya müəllimi sertifikatlaşdırma imtahanında maksimum bal toplayıb





Xaçmaz, 19 iyun, Elxan Yusifli, AZƏRTAC
Şimal bölgəsində dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə, ümumilikdə, 1006 müəllim cəlb olunacaq.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, iyunun 18-dən başlayan sertifikatlaşdırmanın test imtahanı mərhələsi Xaçmaz şəhəri 6 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılan mərkəzdə aparılır.
İlk gündə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan 121 müəllim imtahana qatılıb. Onlardan 33 nəfəri 50 baldan yuxarı nəticə əldə edib.
Bugünkü test imtahanlarına isə şimal bölgəsində çalışan 213 nəfər coğrafiya və ibtidai sinif müəllimləri cəlb olunub. Xaçmaz rayonu Kazım Gəncəliyev adına Manafoba kənd ümumi orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Arzu Mövlamova təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində maksimum - 60 bal toplayıb.
Sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsi iyunun 25-dək davam edəcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.