XALQ ARTİSTİ MİRZƏ BABAYEVİN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, gecədə mədəniyyət naziri Polad Bülbüloğlu çıxış edərək böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərdən danışmışdır. Xalq artisti Mirzə Babayev haqqında çəkilmiş film, müğənninin repertuarındakı mahnılardan ibarət audio, video albomlar və kompakt disk bu tədbirlər sırasındadır.
Mərasim Mirzə Babayevin ifasında audio yazının müşayiəti ilə davam etmişdir. Bir-birinin ardınca söz alıb çıxış edən natiqlər böyük müğənninin ölkəmizdə estrada musiqisinin inkişafındakı əvəzsiz xidmətlərindən, Dövlət caz orkestrinin ilk solistlərindən biri kimi onun çıxışlarının bu musiqi janrının respublikamızda geniş yayılmasında oynadığı mühüm roldan, ustadın məlahətli səsindən, orijinal ifa tərzindən, yaşının ixtiyar çağlarında da əsl gənclik həvəsi ilə oxuduğu, dillər əzbəri olmuş mahnılarından, aktyorluğundan, çəkildiyi filmlərdə oynadığı bir-birindən maraqlı obrazlar qalereyasından, habelə sənətkarın incə zövqə və geniş təxəyyülə malik memar kimi də tanındığından danışmış, unudulmaz xatirələrini söyləmişlər.
Qeyd olunmuşdur ki, Mirzə Babayevin ifaçılıq məharəti Azərbaycan vokal sənətinin tarixində özünəməxsusluğu ilə seçilən yaradıcılıq məktəbidir. Bu məktəb neçə-neçə sənətkarın yetişib püxtələşməsində mühüm rol oynamışdır. Görkəmli müğənninin ifasında xalq və bəstəkar mahnıları milli musiqi xəzinəmizin qızıl fonduna daxil edilmişdir.
Teymur Babayev əmisinin xatirəsinə və yaradıcılığına göstərilən diqqətə və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə Mirzə Babayevin ailəsi adından minnətdarlığını bildirmişdir.
Gecədə xalq artisti Mirzə Babayevin çəkildiyi filmlərdən fraqmentlər göstərilmiş, onun repertuarından məşhur mahnılar incəsənət ustalarının ifasında səslənmişdir.
Axırda tədbir iştirakçıları sarayın foyesində mərhum sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Baş nazirin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər tədbirdə iştirak etmişlər.