XALQ RƏSSAMININ 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY SƏRGİSİ AÇILACAQDIR
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sentyabrın 19-da Muzey Mərkəzində Xalq rəssamı mərhum Nadir Qasımovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley sərgisi açılacaqdır.
Nadir Qasımov 1928-ci ildə anadan olmuşdur. 1941-46-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində, 1947-53-cü illərdə isə İ.Y.Repin adına Leninqrad Dövlət Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır. Gənc yaşlarından beynəlxalq və respublika miqyaslı sərgilərin fəal iştirakçısı olmuş, özünü bacarıqlı fırça ustası kimi təqdim etmişdir. Onun 1961 və 1977-ci ildə Bakıda keçirilən, sənət hadisəsinə çevrilən fərdi yaradıcılıq sərgiləri Azərbaycan tamaşaçıları tərəfindən bu gün də xatırlanır.
İstedadlı rəssamın müxtəlif janrlarda yaratdığı əsərlərdə düşünülmüş məntiqi kompozisiya, orijinal ideya-bədii həll, zəngin kolorit, forma və məzmun dolğunluğu, incəsənətin daimi mövzularının əksi üstünlük təşkil edir.
Sərgidə rəssamın Azərbaycan Dövlət İncəsənət Muzeyindən, Dövlət Rəsm Qalereyasından və ailə kolleksiyasından götürülmüş 80-ə yaxın əsəri nümayiş etdiriləcəkdir. Sərgi 5 gün davam edəcəkdir.